Çaylarda suyun səviyyəsində dəyişiklik olub.
Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, ötən günlər ərzində yağan yağışın bəzi yerlərdə leysan xarakterli olması nəticəsində Böyük Qafqazın bəzi çaylarında sululuq artmış, Kişçay çayında isə qısamüddətli daşqın müşahidə olunub.
Bundan başqa, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 130, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az olmaqla 40-70, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və norma daxilində olmaqla 50-100 faizini təşkil edib. Tranzit çaylarda son vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 490 kub/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 66 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 400 kub/s olmaqla, ongünlük normadan az olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 21 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 177 kub/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 87 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 140 kub/s təşkil etməklə ongünlük normadan az olub.
Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 339 kub/s qeydə alınıb ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 88 faizini təşkil edib. Bu rəqəm 2018-ci ildə 166 kub/s təşkil etməklə ongünlük normadan az olub.
Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 5 sm artaraq 440 sm təşkil edib. Bu rəqəm 2018-ci il mayın 20-də isə 314 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 2 sm artaraq 235 sm qeydə alınıb. 2018-ci il mayın 20-də isə bu rəqəm 159 sm təşkil edib. Salyanda suyun səviyyəsi 2 sm azalıb və 263 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 69 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 4 sm artaraq 227 sm olub və bu göstərici 2018-ci il mayın 20-də 167 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 2 sm artaraq 182 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il mayın 20-də isə 42 sm təşkil edib.