"Ölkədə inflyasiyanın olacağına dair sosial şəbəkədə yayılan məlumatların heç bir əsası yoxdur və bu, ajiotaj yaratmağa, populizmə hesablanıb".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bu gün keçirdiyi mətbuat konfransında deyib.
V.Qasımlının sözlərinə görə, 2019-cu ilin dövlət büdcəsi tərtib olunarkən ölkə başçısı hökumətə tapşırıq verib ki, indi həyata keçirilən bu sosial paket orada öz əksini tapsın:
"Sərəncamla təkcə orta aylıq əməkhaqqının artırılması üçün dövlət büdcəsindən 780 milyon manat əlavə vəsaitin ayrılması nəzərdə tutulur. Bu qədər vəsaiti bir sərəncamla həll etmək mümkün deyil. Bu, əvvəlcədən, cənab prezidentin tapşırığına əsasən 2019-cu ilin dövlət büdcəsi tərtib olunarkən, onun xərclərinə oturmuşdu. Yəni spontan ortaya çıxan məsələ deyil. Xərc varsa, əlbəttə, onun gəlir tərəfi də var. Gəlir olmadan xərcləri artırsaq, dövlət büdcəsinin kəsiri yarana bilər. Kəsirin maliyyələşməsi üçün əlavə mənbələr ortaya çıxanda, pul emissiyası yarana bilər. Pul emissiyası infilyasiya təzyiqi yarada bilər. İndiki halda xərclərin artmasına paralel qaydada gəlirlər artır. Çünki Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi xətti ilə əldə edilən gəlirlər, ötən ilin eyni dövrü ilə müqayisədə orta hesabla 20 faiz artıb. Bu artım artan xərcləri kompensasiya edir".
İcraçı direktor vurğulayıb ki, iqtisadiyyatın gücü artır, şəffaflıq, hesabatlılıq islahatlar nəticəsində təmin edilir: "Bütün bunlar baş verdiyinə görə, dövlət büdcəsinin gəlirləri də artır. Artan xərclərin hansı istiqamətə xərclənməsini ölkə başçısı müəyyənləşdirir. Ölkə başçısının əvvəllər olduğu kimi indi də siyasəti Azərbaycan vətəndaşına xidmətdir. Ona görə də artan gəlirlər birbaşa vətəndaşların maaşlarının, pensiyaların, müavinətlərin artırılmasına yönəldilir. Artan gəlirlər investisiyaya, infrastruktur layihələrinə də sərf oluna bilərdi. Ancaq bu baş vermədi. Bu isə bir daha cənab prezidentin siyasətinin sosial mahiyyətini göstərir. Ölkə başçısı istəyir ki, artan gəlir əhalinin sosial rifahının yaxşılaşmasına yönəldilsin".