“Neftin qiymətindəki enmələr Azərbaycanın dövlət büdcəsinə ciddi problem yaratmayacaq. Doğrudur, gəlirlərimiz bir qədər azalacaq, amma bu, ciddi problem deyil”. Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli belə deyib.
Son günlər dünya bazarlarında neft ucuzlaşır. “Brend” markalı neft 100 dollardan aşağı satılır.
Əli Məsimli 2014-cü ilin dövlət büdcəsində neftin 1 barrelinin qiymətinin 100 dollar götürüldüyünü xatırladıb: “Bu ilin 7 ayı ərzində neftin 1 barrelinin qiyməti 110 dollar ətrafında qalxıb-enib. Son vaxtlar isə 100 dollar ətrafında qiymət oynaması var. Bu enmə nəzərəçarpacaq olsa da, dövlət büdcəsində dəyişikliyə ehtiyac yoxdur. 2014-cü ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirlərinin 98, xərclərinin isə 99,9 faiz icra olunub. 1,7 milyard büdcə kəsiri nəzərdə tutulurdu, amma cari ilin 7 ayında büdcəmizdə 615 milyon manatlıq profisit yaranıb. Deməli, neftin qiymətinin 100 dollardan bir qədər yuxarı və ya 100 dollardan bir qədər aşağı olmasından asılı olmayaraq 2014-cü ilin büdcəsini lazımı səviyyədə icra etmək mümkündür”. (mediaforum)