“Sahibkarlara dəstək olmaq və ölkənin iqtisadi təhlükəsizliyinin qorunması üçün Gömrük orqanlarının qarşısında mühüm vəzifələr durur”.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Komitənin təşkilatçılığı ilə “Caspian European Club”da keçirilən Biznes Forumda deyib.
Komitə sədri qeyd edib ki, son 1 il ərzində gömrük orqanlarında tətbiq olunan yeni qaydalarla bağlı bir sıra yeniliklər edilib:
“Biz sahibkarlarla gömrük orqanlarının birgə fəaliyyəti üçün hökumətə müəyyən təkliflər vermişik. Bunlar qanunverici aktlarla bağlıdır. Birinci təklif Gömrük Məcəlləsində yüklərin sənədlərinin rəsmiləşdirilməsinin 72 saat ərzində başa çatdırılması ilə əlaqədardır.
İkincisi daha qlobal məsələdir, ölkə başçısının 1997-ci ildə xarici ticarətin daha da liberallaşdırılmasını nəzərdə tutan fərmanına ediləcək dəyişikliklərlə bağlıdır.
Axırıncı ən vacib təklif isə gömrük orqanlarına təqdim olunan sənədləri ıhatə edir. Bu sənədlərin qanun çərçivəsində təqdim olunması üçün tənzimlənməsi təklif olunur. Bu, ən vacib məsələlərdəndir”.