30 Aprel 2014 16:11
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azad İstehlakçılar Birlliyi (AİB) 01.03.2014 tarixdən Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yeyinti sənayesi məhsullarının keyfiyyətinin yüksəldilməsi yolu ilə Azərbaycan brendinin təşviqi” layihəsini həyata keçirməyə başlayıb.

AİB-dən Teleqraf.com-a verilən məlumata görə, layihənin məqsədi Azərbaycanda qida təhlükəsizliyinə nail olmaq üçün qida sənayesi işçilərinin maarifləndirilməsi, Azərbaycanda istehsal olunan təhlükəsiz qida mallarının yerli və xarici istehlakçılara tanıdılması vasitəsi ilə Azərbaycan brendinin təbliğinə yönəlib. Azərbaycanda qidanın təhlükəsizliyinə yönəlmiş bir çox təşəbbüslər olub. Mühüm təşəbbüslərdən biri USAİD-in Azərbaycanda 5 il müddətində həyata keçirdiyi “Rəqabətlilik layihəsi”dir.

Bu layihə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük ərəfəsində Azərbaycanın qida sektorunda istehsal olunan malların rəqabətə davamlılığının təmin olunmasına, qida istehsalı sektorunda HACCP-ın, Codex Alimentarius-un tələblərinin tətbiqinə yönəlib. USAİD Azərbaycan brendinin istehlakçılar arasında təbliğini və təhlükəsiz qidanın təşviqini aparmaq üçün AİB-lə əməkdaşlıq edib, Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi Nişanının (AİQTN) təsis olunmasına, dövlət qeydiyyatına alınmasına nail olunub. Artıq gümüş, qızıl və platin səviyyəli AİQTN-i təhlükəsiz qida istehsal edən müəssisələrə şamil edilməyə başlanıb. Qida təhlükəsizliyinin prioritet məsələ olduğunu nəzərə alan ölkə Prezidenti 16 yanvar 2014-cü il tarixdə “Kənd təsərrüfatı və ərzaq malları bazarının təkmilləşdirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. AİB tərəfindən həyata keçirilən bu layihə ölkə Prezidentinin imzaladığı sərəncama ictimai dəstək verməklə ölkədə təhlükəsiz qida istehsalına nail olunacağına zəmin yaradır.

Layihə çərçivəsində qida sənayesi istehsalının mütəxəssisləri ilə ilk təlim “Azərsun Holdinq”in bazasında kiçik və orta biznes nümayəndələrinin, mütəxəssislərinin iştirakı ilə keçirilib. Təlimdə 8 müəssisənin mütəxəssisləri iştirak edib.

Növbəti təlimlərin Bakıda yerləşən çörək istehsalı müəssisələrində və Sumqayıtda yerləşən qida istehsalı müəssisələrində keçirilməsi planlaşdırılır.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər