19 Sentyabr 2019 21:43
1 260
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın qaz ölkəsi kimi inkişafı enerji siyasətimizin prioritet istiqamətlərindəndir. Qaz sahəsinin son onilliklərdə aşağı karbonlu enerji növü olan təbii qazın ön plana çıxması mənbə və marşrutların diversifikasiyası və enerji təhlükəsizliyi kimi məsələlərin də əhəmiyyətini artırıb. Bu baxımdan, Azərbaycanın mövqeyini gücləndirən “Cənub Qaz Dəhlizi” qaz ölkəsi kimi inkişafa da imkanlar yaradır. Bu layihənin seqmentləri üzrə ümumi inkişaf göstəriciləri “Şahdəniz mərhələ-2”də 93%, TANAP-da 99,9%, TAP-da isə 90%-ə yaxındır. İndiyə kimi TANAP-la Türkiyəyə 2,5 milyard kubmetrdən çox qaz nəql olunub.

Teleqraf.com xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bildirib.

O qeyd edib ki, “Cənub Qaz Dəhlizi” ilə bağlı görülmüş işlər artıq öz nəticələrini verir:
“Cari ilin 8 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,8% çox, yəni 23,1 milyard kubmetr qaz hasil olunub.

Xaricə qaz satışı 7,2 milyard kubmetr olub. Bu isə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,3% çoxdur. Proqnozlara gəlincə, 2018-ci ilə nisbətən bu il ölkədə qaz hasilatında 19%, yəni 5,8 milyard kubmetr, qazın ixracında isə 25% artım gözlənilir. Gələn il qaz hasilatının 40,2 milyard kubmetrə, 2021-ci ildə isə 45 milyard kubmetrə çatacağı proqnozlaşdırılır”.

P.Şahbazov bildirib ki, Azərbaycanın qaz ixracatçısına və Avropanın enerji təhlükəsizliyinin etibarlı təminatçısına çevrilməsində “Şahdəniz” qaz yatağı müstəsna rol oynayır:
“İstismara veriləndən indiyə kimi bu yataqdan 110,8 milyard kubmetr qaz, 26,8 milyon ton kondensat hasil edilib. 73,7 milyard kubmetr qaz isə ixraca nəql olunub. Yanvar-avqust aylarında hasil edilmiş qazın 10,9 milyard kubmetri, kondensatın isə 2,3 milyon tonu “Şahdəniz” yatağının payına düşür. “Şahdəniz” yatağında qaz hasilatının artması Türkiyəyə ixracla bağlı göstəricilərə əhəmiyyətli dərəcədə təsir göstərib, nəticədə ötən ilin müvafiq dövrünə nisbətən bu il bu ölkəyə 33,8% çox, yəni 5,7 milyard kubmetr qaz satışı həyata keçirilib.

Şahdəniz yatağından qaz hasilatının 2018-ci illə müqayisədə bu il 6 milyard m3, gələn il 8,5 milyard m3 artacağı, 2021-ci ildə isə 12 milyard m3 çox artaraq 23 milyard m3-i ötəcəyi gözlənilir.

Qaz istehlakı 2018-ci ildə 12,6 milyard m3 olub. Bu il və növbəti il ərzində qaz istehlakının 14 milyard kubmetri ötəcəyi gözlənilir. 2019-2023-cü illərdə “Abşeron” qaz-kondensat yatağı, “Şəfəq-Asiman”, “Babək” perspektiv strukturları, “Ümid” və “Qarabağ” yataqları üzrə görüləcək tədbirlər ölkə iqtisadiyyatının gələcəkdə qazla fasiləsiz və keyfiyyətli təminatına imkan yaradır”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər