7 Oktyabr 2019 12:47
1 212
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünya enerji bazarında iyul ayından ötən dövrdə xam neftin qiymətlərində həftəlik çərçivədə ən böyük eniş oktyabrın birinci həftəsi qeydə alınıb”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

Ekspert bildirib ki, ötən cümə günü Brent markalı neftin qiymətində 1.1 faizlik bahalaşma qeydə alınmasına baxmayaraq, həftə ərzində ucuzlaşma orta hesabla 5.7 faiz təşkil edib:

“Azərbaycan neftinin satış qiymətinə uyğun gələn Brent markalı neftin hər bareli London birjasında son dəfə 58.11 dollar olub. Bu qiymət 2019-cu ilin büdcəsi üçün nəzərdə tutulan 60 dollardan aşağıdır. Əgər dünya bazarında neft qiymətlərinin ucuzlaşması davamlı olarsa, o halda Azərbaycan Neft Fondunun büdcəsinə gözlənilən qədər vəsait daxil olmayacaq.

Neftin qiymətlərinin ucuzlaşmasına təsir göstərən başlıca amillərdən biri ABŞ-Çin ticarət müharibəsinə görə dünyanın aparıcı ölkələrində məcmu tələbin azalması qeyd olunur. Yeri gəlmişkən, Avropa Birliyinin “Aerobus” təyyarəsinin istehsalını subsidiyalaşdırlmasına cavab olaraq ABŞ oktyabrın 18-dən Atlantik okeanı üzərindən gələn 7.5 milyard dollarlıq məhsulun, o sıradan fransız pendirinin və şərabının, Şotlandiya viskisi və sair məhsulların idxalına da tarifləri qaldırır”.

Qubad İbadoğlu qeyd edib ki, ABŞ-ın Çin və Avropa Birliyinin idxal məhsullarına qarşı irəli sürdüyü yeni tarif siyasəti, daxili bazarda bahalaşan qiymətlərə görə tələbin azalmasını şərtləndirir və bu da neftin dünya bazar qiymətlərinə də təsirsiz ötüşmür.


Müəllif: Mənsur Rəğbətoğlu