16 Oktyabr 01:36

Beynəlxalq Valyuta Fondu (IMF) ticarət mübahisələrini nəzərə alaraq iqtisadi artım proqnozunu 2019-cu il üçün 3,3%-dən 3%-ə, 2020-ci il üçün isə 3,6%-dən 3,4%-ə endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fondun dünya iqtisadiyyatının gələcəyinə dair məruzəsində bildirilir.

Bununla belə, IMF-in müxtəlif ölkələr üzrə yanaşması fərqlidir. Belə ki, Fond ABŞ-da ümumi daxili məhsulun (ÜDM) artım proqnozunu 2019-cu il üçün 2,3%-dən 2,4%-ə, 2020-ci il üçün isə 1,9%-dən 2,1%-ə qaldırıb.

Xatırladaq ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) iqtisadi artım proqnozunu 2019-cu il üçün 2,1%-dən 2,2%-ə artırıb, 2020-ci il üçün 2% saxlayıb, 2021-ci il üçün 1,8%-dən 1,9%-ə qaldırıb, 2022-ci il üçün isə 1,8% saxlayıb.

Bundan başqa, IMF-in qənaətinə görə, bu il Venesuelada ÜDM 35%, gələn il isə 10% azalacaq, infilyasiyanın səviyyəsi müvafiq olaraq 200 000% və 500 000%, işsizlik səviyyəsi isə 47,2% və 50,5% olacaq.

Almaniyada iqtisadi artım proqnozu 2019-cu il üçün 0,3 faiz bəndi azaldılaraq 0,5%-ə, 2020-ci il üçün isə 0,2 faiz bəndi azaldılaraq 1,2%-ə endirilib.

İranda isə ÜDM-in bu il əvvəlki kimi 6,1% deyil, 9,5% azalacağı, gələn il isə sabit qalacağı (əvvəl 0,2% artım olacağı deyilmişdi) qeyd olunub.

IMF Çində iqtisadi artım proqnozunu 2019-cu il üçün 0,2 faiz bəndi azaldaraq 6,1%-ə endirib, 2020-ci il üçün isə də 5,8% saxlayıb.

Fondun Almaniyada ÜDM-in artımı ilə bağlı proqnozu isə bu il üçün 1,2%-dən 3,1%-ə dəyişdirilib, gələn il üçün isə 1,3% saxlanılıb.

IMF dünya bazarında neftin 1 barelinin orta qiymətinə dair də yeni proqnoz verib. Fond bu il bu rəqəmin 61,78 dollar, gələn il isə 57,94 dollar olacağını, 2023-cü ilə qədər isə ümumi tələbatın azalmasına uyğun olaraq 55 dollara enəcəyini güman edir.


Müəllif: Teleqraf.com