23 Oktyabr 23:43

Azərbaycan ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında yeni dönəmə qədəm qoyub. Bu mərhələ iqtisadiyyatın şaxələndirilməsi, artımların əldə olunması fonunda sosial islahatların aparılması prosesini genişləndirməkdən ibarətdir. Həyata keçirilən sosial paketlər də buna imkan verir. 2020-ci ildə sosial islahatların davamlı olacağının proqnozlaşdırılması iqtisadiyyatın inkişafına yeni baxışın ortaya qoyulmasını zəruri edir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycan son 16 il ərzində böyük inkişaf yolu keçib, iqtisadiyyatımız üç dəfədən çox artıb: “Neft istehsalçısı olduğumuza görə iqtisadiyyatın artımı əsasən neft üzərindən formalaşsa da, prezident iqtisadi sahədə Azərbaycanın strateji hədəflərini açıqlayarkən yeni mərhələyə qədəm qoymağımızın vacibliyinə toxundu. Bu mənada iqtisadi islahatlar daha da dərinləşməli, ölkədə iqtisadiyyatın neftdən asılılığı aradan qaldırılıb özəl sektorun inkişafı istiqamətində böyük addımlar atılmalıdır”.

Azər Badamov qeyd edib ki, qeyri-neft sektoru 2,8 dəfə artıb, potensialı daha da genişdir: “Bu potensialdan daha səmərəli istifadə etmək üçün biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılacaq addımlar daha da genişlənməlidir. Bu, həm kölgə iqtisadiyyatının aradan qaldırılması üçün görüləcək işlər, həm də ölkəyə xarici investisiyaların cəlb edilməsi məqsədilə dövlətin həyata keçirdiyi siyasətin daha da dərinləşdirilməsidir. Yeni təfəkkürlü kadrlar vasitəsilə iqtisadiyyatın inkişaf etdirilməsində sürətli temp götürülüb. İqtisadiyyat sahəsində təcrübəli mütəxəssislərin ölkənin idarəetmə strukturlarında təmsil olunması prezidentin apardığı sosial-iqtisadi siyasətin uğurlarının daha da zirvəyə qalxmasına öz töhfəsini verəcək”.

Deputatın fikrincə, Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki, demoqrafiq artım gedir: “Qonşu ölkələrdən fərqli olaraq müstəqillik illərində əhalinin sayı 3 milyon nəfərdən çox artıb. Demoqrafik artımı nəzərə alaraq yeri iş yerlərinin açılması istiqamətində də görüləcək işləri daha da genişləndirməliyik. Özəl sektorun inkişafının çoxşaxəli şəkildə təmin olunmalı, xarici investisiyaların cəlb edilməsi, ölkədə həyata keçirilən qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafını artırmalıyıq. 5 sənaye parkı və 4 sənaye məhəlləsi istifadəyə verilib ki, bu müəssisədə çalışan işçilərin sayı minlərlədir. Bu sənaye müəssisələrinin imkanları genişdir, yeni iş yerlərinin yaradılma potensialı böyükdür. Bu isə işsizliyin minimum həddə qalması və aşağı salınmasını şərtləndirəcək. Ölkədə əhalinin demoqrafik artımı nəzərə alınaraq iqtisadi potensialından istifadə olunmalı və gələcək nəslin işlə təminatı məsələsi öz həllini tapmalıdır”.


Müəllif: Nərgiz