3 Dekabr 2019 09:14
1 724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan qazının Türkiyəyə, oradan da Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) ölkəmiz üçün çox əhəmiyyətli layihədir. TANAP olmasaydı, “Şahdəniz-2” layihəsi üzrə qazı 2018-ci ildə deyil, 2030-cu illərdə görəcəkdik. TANAP prosesi sürətləndirdi.

Bu sözləri Teleqraf.com-a Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib.

İlham Şabanın sözlərinə görə, Avropaya ümid bəslənildiyindən Azərbaycan öz qazını böyük bazarlara çıxarmaq üçün bir neçə il geri düşüb: “Qazımızı böyük bazarlara çıxarmaq üçün “Nabucco” layihəsinə ümidli idik, lakin bunun bizi necə geri saldığına şahid olduq.

Bir sirr açım, Azərbaycanın birinci qızı Türkiyə bazarına çıxan zaman 2007-ci il iyulun 3-də “Şahdəniz” konsersiumu “Şahdəniz-2” layihəsini işləməyə başladı. O zaman layihə bundan ibarət idi ki, 2012-ci ilin ikinci yarısında Azərbaycanın “Şahdəniz-2” layihəsi üzrə qazı artıq Avropa bazarına ayaq açmalıdır.

Ancaq bu, 2020-ci ilin ikinci yarısında başa gəldi. Yəni Avropaya ümid bəsləməyimiz bizi 8 il geri saldı. Böyük dövlətlərə, inkişaf etmiş ölkələrə ümidli olmaqla nəyinsə reallaşmadığını görəndə Azərbaycan və Türkiyə bu layihənin gerçəkləşməsinə imza atdılar. 2011-ci ilin dekabrında Azərbaycanla Türkiyə TANAP layihəsi üzrə ilk memorandumunu imzaladı. 5 il sonra artıq “Şahdəniz”dən öz qazımızı hasil etdik.

Çox adam hələ də fərqinə varmır ki, TANAP təkcə “Şahdəniz-2” layihəsini bazara çıxarmaq üçün infrastruktur layihəsi deyil, bu, XXI əsrdə Azərbaycanın ərsəyə gətirəcəyi qaz layihələrinin satışı üçün böyük marketə gedən yoldur.

Azərbaycan o yolda rıçaqları əlinə alıb. Ətrafımızda bütün ölkələr enerji ölkəsidir, kimin bazarlara çıxışı var, gəlir əldə edə bilir”.

İlham Şabanın fikrincə, bazardakı ölkələrlə münasibət yaxşı olmalıdır: “Kapital dünyasında bütün ölkələr rəqabətdədir. Sən oraya brilliant da aparsan, öldürüb silikon qiymətinə də ala bilərlər. Ona görə də hər bir mal və xidmət böyük rəqabət bazarında güclü səy tələb edir. Reklam da nəzərə alınmalıdır. Əvvəlcə marketlər uğrunda mübarizə aparılmalıdır. Böyük marketdə kiçik piştaxtanın olması da bir dövlət üçün müsbət haldır.

Azərbaycan nəinki kiçik piştaxtasını, kiçik piştaxtalardakı alıcıların hamısı ilə çox yaxşı iqtisadi, siyasi, mədəni əlaqələr qurub. Azərbaycan üçün böyük ölkələrin bazarında 1-2 faiz qazı ilə oturub gözəgörünməyən ölkə olmaq lazım deyil.

Azərbaycan Bolqarıstan, Yunanıstan kimi ölkələr seçib ki, bu ölkələrin üçdə bir hissə enerjisini təmin edəcək, gələcəkdə Adriatik dənizi boyunca olan bəzi ölkələrin enerji təminatında 50 faizədək payı olacaq. Biz qazı boru kəməri ilə satmağa məcburuq, bizim dünya okeanına çıxışımız yoxdur ki, tankerə dolduraq, Con almasa, Petersona sataq. Qazı bir ölkədən keçib digər ölkəyə gedən istehlakçılara satmaq məcburiyyətindəyik. Qapalı hövzədəyik, deməli, biz istehlakçılarla həssas davranmalıyıq.

Qazımız çoxdur, stabil satılmalıdır, XXI əsrin sonunadək istehlakçılar uğrunda mübarizə aparılmalıdır. Yerin altında qaz xəzinən varsa, onu satıb pula çevirməsək, sonra qara qəpik qədər dəyəri olmayacaq. İrana baxın, dünyanın ikinci neft ölkəsidir, ancaq Azərbaycandan az qaz ixrac edir. Çünki dünya bazarında söz sahibliyi və bazardakılarla danışmaq qabiliyyəti yoxdur”.


Müəllif: Nərgiz