Düşünürəm ki, qiymətlərin bugünkü səviyyəsi həm istehsalçıları, həm də istehlakçıları qane edir. Azərbaycana gəldikdə, bu il bizim büdcəmizdə neftin bir barrelinin qiyməti 55 dollar nəzərdə tutulub. Lakin indi qiymət xeyli yüksəkdir. Buna görə də düşünürəm ki, əgər hər hansı forsmajor vəziyyət yaranmasa, qiymət 55-65 dollar diapazonunda qalacaq.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Rusiyanın "Rossiya-24" telekanalının müxbirinin "Yaxın Şərqdə müşahidə olunan gərginlik nəzərə alınmaqla bu il neftin qiymətinin hansı dinamikasını gözləmək olar" sualını cavablandırarkən deyib.
"OPEC+" formatının çox səmərəli olduğunu və Azərbaycanın bu formatın işində fəal iştirak etdiyini bildirən dövlət başçısı qeyd edib ki, biz öz üzərimizə götürdüyümüz öhdəliklərlə əlaqədar hasilatı azaldırıq və mahiyyət etibarilə bu gün OPEC-ə daxil olmayan ölkələr də özlərini OPEC üzvləri kimi aparırlar. Buna görə də "OPEC+" çoxtərəfli əməkdaşlığın olduqca uğurlu formatıdır və bizim fikrimizcə, mahiyyət etibarilə, bu gün neftin qiymətinin ədalətli olduğunu müəyyənləşdirib.