Azərbaycanda əhalinin öz vəsaitlərini hansı məhsul və xidmətlərə xərclədiyi məlum olub.
2020-ci ilin yanvar ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 44,8 faizi ərzaq məhsullarının, 6,1 faizi içkilər və tütün məmulatlarının, 17,6 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi elektrik malları və mebellərin, 5,4 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,1 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Ümumilikdə 2020-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini real ifadədə 2,7 faiz üstələyərək 1 milyard 564,3 milyon manata çatıb.
Ticarət dövriyyəsi 1 milyard 511,3 milyon manat təşkil edən qeyri-ərzaq məhsullarının satışı isə 2019-cu ilin yanvar ayı ilə müqayisədə 3,6 faiz çox olub.