10 Mart 2020 09:14
4 879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya bazarında neftin qiymətinin 30 faizdən çox ucuzlaşması diqqəti yenidən ABŞ-Rusiya qarşıdurmasına cəmləşdirir. Bəllidir ki, Rusiya Vyanda OPEK ilə müzakirələr zamanı hasilatın azaldılması təklifini rədd etdikdən sonra neftin qiymətində ucuzlaşma qeydə alınıb.

Əksər mütəxəssislər hesab edirlər ki, Rusiya bu addımı ilə həm də son zamanlar neft hasilatına görə dünyada liderliyi ələ alan ABŞ-ın bazarda mövqeyini zəiflətməyə çalışır. Əgər Rusiya 1 barel neftin çıxarılması üçün 11-12 dollar xərcləyirsə, amerikanlar bunun üçün 28 dollarından keçməli olur. ABŞ şist nefti daha dərin laylardan çıxardığı üçün maya dəyəri də baha başa gəlir. Amma iqtisadi böhran və ciddi sanksiyalarla üz-üzə qalan Rusiyanın uzun müddət nefti bazarında qiymətlərin 30-35 dollara qalmasına dözüm nümayiş etdirib-etdirməyəcəyi də maraqlıdır.

Bu mövzuda Teleqraf.com-a danışan iqtisadçı ekspert İlham Şaban bildirib ki, ruslar 3 il müddətinə bazarda bu qiymətə neft sata biləcəklərini açıqlayıblar: “Rusiya rəsmiləri deyirlər ki, 3 il müddətinə bareli 30 dollardan dünya bazarına neft çıxara bilərlər. Amerikanlarla bağlı bunu demək bir qədər çətindir. Əgər 3 il müddətinə dünya bazarında neftin qiyməti bu şəkildə qalsa, Amerikanın şist neft istehsalçıları ziyana düşəcək. Fikrimcə, ABŞ neft hasilatını azaltmalı olacaq. Çünki şist neftin maya dəyəri həqiqətən də yüksəkdir. Hazırda ABŞ-da 13 milyon barelə qədər neft hasilatı var. Ola bilsin ki, 3-4 milyon bareli bazardan çıxacaqlar”.

İlham Şaban hesab edir ki, əgər Rusiya 3 il müddətinə nefti 30 dollara satsa, bu təxminən rusların ildə 400 milyard ziyan görməsi deməkdir:

“Amma Rusiya hökuməti deyir ki, biz 3 il dözə bilərik. Yeri gəlmişkən, İran da bildirir ki, bu qiymətə nefti satmaqda davam edəcək. Əslində burada biz İran və Rusiyanı eyni götürməliyik. Nə qədər davam edəcəyini zaman göstərəcək. Təbii ki, ruslar bir “jmıxla” da yaşaya bilər. Ancaq bunun nə qədər çəkəcəyini də zaman göstərər”.


Müəllif: Cavad

Oxşar xəbərlər