12 Mart 2020 09:32
2 313
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftin qiymətinin aşağı düşməsinin Azərbaycan iqtisadiyyatına təsirlərindən həmən danışmaq olmaz. Çünki bu qiymətlər iki-üç gündür ki, kəskin şəkildə azalıb. Yəni iqtisadiyyatımıza təsirlərini gücləndirə biləcək səviyyədə deyil.

Bunu Teleqraf.com-a açıqlamasında sabiq maliyyə naziri, iqtisadçı Fikrət Yusifov bildirib.

O qeyd edib ki, son bir gün ərzində artıq neftin qiymətində müəyyən qədər artım da baş verib: “Qiymətlər ziqzaq şəklində dəyişir. Ona görə də proseslər bəzi siyasi bəyanatlara, siyasi çağırışlara daha çox bağlıdır. Yəni qiymətlər bu gün daha çox siyasiləşib. Ona görə də gözləmək lazımdır. Verilən məlumatlara görə, Səudiyyə Ərəbistanı ilə Rusiya dünəndən bir araya gəlib hasilatı azaltmaqla bağlı düşüncələr ortaya qoyublar. Əgər belə olarsa neftin qiymətləri qayıdıb hardasa 45-50 dollar civarında bərpa oluna biləcək”.

Fikrət Yusifov qeyd edib ki, əslində neftin qiymətini bir tərəfdən koronavirus və onun verdiyi fəsadlar, digər tərəfdən OPEC-in martın 6-da keçirdyi toplantı uğursuz nəticələndisə, digər tərəfdən Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı gərginlik bu şəklə saldı:

“Artıq dünəndən Rusiya ilə Səudiyyə Ərəbistanı rəsmiləri bir araya gəlmək barədə fikirlər səsləndirirlər. Bu da bazara pozitiv təsir göstərir. Ona görə də tələsmək, neftin qiymətinin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına mənfi təsirindən danışmaq lazım deyil. Gözləmək lazımdır. Ola bilsin ki, yaxın bir neç gün ərzində onlar masa arxasında oturub məsələləri çözsünlər və bununla da neftin qiyməti 50 civarında olsun. Beləliklə də bütün suallara cavab verilsin”.

Sabiq maliyyə naziri bildirib ki, manatla da bağlı eyni tələsmək lazım deyil:

“Bu gün banklarda yetərli qədər valyuta rezervlərimiz var. Mərkəzi Bankın, Neft Fondunun kifayət qədər valyuta rezervi mövcuddur. Yəni bu gün insanlar əllərində olan 200-300 manatı xarici valyutaya çevirirlərsə bu yanlış hərəkətdir. Beş gündən sonra alış-veriş etmək üçün gedib həmin o xarici valyutanı manata çevirəcəklər. Təbii ki, həm alanda, həm də satanda itirəcəklər. Ona görə də tövsiyə edirəm ki, tələsməsinlər”.

Qeyd edək ki, son günlərdə əhali banklarda kütləvi dollar alışı həyata keçirir. Bankların baş ofislərinin və filiallarının qarşısında bunu aydın şəkildə müşahidə etmək mümkündür. Fikrət Yusifov isə deyir ki, buna ehtiyac yoxdur:

“Ehtiyac yoxdur, inanın ki, buna ehtiyac yoxdur. Yəni bu şəkildə, bu vəziyyətdə əgər neftin qiyməti bir gün ərzində 7-8 dollaradək bahalaşa bilirsə, pozitiv meyillər artıq görünürsə demək buna getmək lazım deyil.

Yox, əgər 20 dollar civarına düşərsə o zaman bu narahatlıqlar izah edilə biləcək səviyyədə olacaq. 20 dollar səviyyəsinə düşmək ehtimalı isə yoxdur. İndiki nəticələr bunu deməyə əsas verir.

Bilirsiniz ki, Çində koronavirus ocağı artıq söndürülüb. Bütün dünya bir araya gəlib. Dünya Bankı koronavirusla mübarizə məqsədilə 20 milyard dollar texniki kredit ayırdı. Yəni bütün ölkələr artıq bir araya gəlib. Çünki bu vəziyyət heç bir ölkəyə sərf etmir.

Hamının səylərinin bir araya gətirilməsi o deməkdir ki, bu problem tezlikə çözüləcək. Neftin qiymətini koronavirus və onun yaratdığı iqtisadi fəsadlar neftin qiymətini bu səviyyəyə gətirib çıxardı. Təbii ki, koronavirusla mübarizə effektiv olacağından sonra neftin qiyməti əvvəlki tarazlığını bərpa edəcək”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər