29 Sentyabr 2014 16:05
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Bakı Biznes Tədris Mərkəzi Almaniyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (GİZ) ilə birlikdə “Azərbaycan Respublikasında biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqram”ını həyata keçirir.

Proqram çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar və gənc menecerlər Almaniyanın müvafiq tədris mərkəzlərində və müəssisələrində "İqtisadi kooperasiya" üzrə 1 aylıq ödənişsiz ixtisasartırma kursu keçir, beynəlxalq təcrübəyə yiyələnir, işgüzar əlaqələr yaradırlar.

Bu barədə Teleqraf.com-a İSN-nin mətbuat xidmətindən məlumat verilib.

Sahibkarların və menecerlərin “İqtisadi kooperasiya” üzrə ixtisasartırma kurslarına göndərilməsi məqsədilə iyunun 30-da namizədlərin seçilməsi üzrə müsabiqələr keçirilmiş və müsabiqədə iştirak edən 53 sahibkar və gənc menecerdən 24-ü müvəffəqiyyət qazanmışdır. Müsabiqədən uğurla keçənlər Almaniyanın Selle şəhərində yerləşən Almaniya Menecment Akademiyasında və müvafiq müəssisələrdə 19 oktyabr-15 noyabr tarixlərində “İqtisadi kooperasiya” üzrə ixtisasartırma kursları keçəcəklər.

Sentyabrın 27-28-də Bakı Biznes Tədris Mərkəzində 24 sahibkar və gənc menecerlər üçün hazırlıq seminarı keçirilib. Bakı Biznes Tədris Mərkəzinin və Almaniya Menecment Akademiyasının nümayəndələrinin də iştirak etdiyi tədbirdə sahibkarlara və gənc menecerlərə beynəlxalq iqtisadi kooperasiya, Almaniya müəssisələri ilə işgüzar danışıqların aparılması və əməkdaşlığın qurulması və s. barədə ətraflı məlumat verilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanıb.

Naibə


Müəllif:

Oxşar xəbərlər