1 İyun 2020 13:25
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya bazarında neftin qiyməti qeyri-sabit qalmaqda davam edir. Son məlumatlara görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin avqust müqaviləsinin dəyəri 0,77% azalaraq 1 barelə görə 37,55 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında iyulda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,85% azalaraq 35,19 dollar təşkil edib.

İqtisadçı-ekspert Rəşad Həsənov Teleqraf.com-a bildirib ki, son 1 həftədə bazarda nisbi stabilləşmə müşahidə olunur:

“Brent markalı neft üçün 35 dollar ətrafında qiymət müşahidə edirik. Hazırda bazarda fərq 0,21% dəyişib. Bu, bazarda bağlanan müqavilələrin şərtlərinin dinamikaya təsirini göstərən bir indikatordur. Yəni bazar heç vaxt tam olaraq sabit qiymət dinamikası nümayiş etdirməyəcək. Birjalarda nəinki neft qiymətləri, digər qiymətlər üçün də heç vaxt müşahidə olunmayan bir situasiyadır. Çünki bazarın yüz minlərlə iştirakçısı var və müxtəlif vaxtlarda minlərlə bağlanmış müqavilənin effektini göstərən bir məqamdır”.

İqtisadçı hesab edir ki, indiki halda qiymət ciddi ucuzlaşmır: “Hazırda Brent markalı neft 37,76 dollara təklif olunur. Bunu ötən cümə günü bazarlar bağlanmazdan əvvəlki qiymətlə müqayisə etsək, təxminən 5%-ə yaxın bahadır. Ümumiyyətlə, neftin qiymətinin tam olaraq sabitləşməsindən söhbət gedə bilməz, amma qismən sabitləşməsi məsələsi istiqamətində nisbətən müsbətə doğru dəyişikliklər baş verib.

Bazar iştirakçıları baş verənlərə artıq pozitiv reaksiya verirlər. Amma ümumi götürdükdə iqtisadiyyatın tam açılması, bərpa olunması əsas amillərdən biri kimi çıxış edəcəkdir”.

Rəşad Həsənov siyasi faktorların neftin qiymətinə təsirlərinin kifayət qədər böyük olduğunu da diqqətə çatdırıb: “Siyasi faktorlar çox sürətlə dəyişə bilir. Məsələn, mart ayında gözlənilmədən OPEC iştirakçıları və Rusiya hasilatın azaldılması ilə bağlı razılığa gələ bilmədi və tamamilə əksinə - hasilatı sürətlə artırmağa başladılar. Daha sonra bunu guya ABŞ-ın neft sektorunun çökdürlməsinə hədəflənən bir addım kimi izah etdilər. Amma çox maraqlıdır ki, Trampın məsələyə qarışması ilə bazarda yeni bir razılıq əldə olundu”.

Qeyd edək ki, mayın 28-də Ümumçin Xalqların Nümayəndələri Məclisi (Çinin ali qanunverici orqanı, parlament) Honkonqun təhlükəsizliyinin təmin olunması haqqında qanun layihəsini qəbul etdi. Bu qanun Honkonqun muxtariyyətini kəskin şəkildə məhdudlaşdıracaq. Çin hakimiyyəti separatçı çağırışlar olduğu halda bu muxtar qurumu cəzalandırmaq məqsədilə öz təhlükəsizlik qüvvələrini göndərəcək, həbslər keçirə biləcək.

Analitik son günlər bazara təsir edən faktorlardan birinin Honkonqla bağlı Çinin qəbul etdiyi qərar olduğunu diqqətə çatdırıb: “ABŞ-ın hazırda Çinlə olan iqtisadi münasibətlərinin hansı istiqamətdə dəyişəcəyi və hansı konyukturun formalaşacağı məsələləridir.

Hesab edirəm ki, siyasi faktorlar bazarda heç vaxt neytrallaşmayacaq. Ona görə də bazarda siyasi faktorlardan qaynaqlanan müəyyən dalğalanma hər zaman olacaq. İqtisadiyyatın tam açılmasından sonra qiymətlərin hansı aralıqda dəyişməsinin daha real görə biləcəyik. Bu gün qiymət 37 dollardır, amma beynəlxalq qurumların hesablamalarına görə, ilin sonuna qədər bu qiymət təxminən 45-50 dollar ətrafında olacaq.

Qənaətimcə, indiki halda iqtisadiyyatın mərhələli şəkildə açılması qiymətləri təxminən 50 dollara qədər bahalaşdıra bilər. Hazırda neftə olan tələb və təklif şərtləri daxilində 50 dollar ən optimal qiymətlərdən biri hesab olunur. Bu, həmçinin istehsalçılar və OPEC ölkələri üçün də məqbul hesab oluna bilər. Bu, şist neftin hasilatının sürətlə artmasını önləyə bilən bir qiymət həddidir. Bu baxımdan neft qiymətinin o ətraflarda sabitləşəcəyi ehtimalı var”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər