2 İyun 2020 09:59
1 556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mərkəzi Bankı (AMB) məcmu kapitalı müəyyən edilmiş tələbdən az olan 2 sığorta şirkətini nəzarətə götürüb. Bunu AMB-nin sədri Elman Rüstəmov ötən gün keçirdiyi mətbuat konfrasında bildirib.

Baş bankir bildirib ki, “Amrahsığorta”da müəyyən çatışmamazlıq var, amma bu qanun icazə verdiyi səviyyədədir: “Rəvan Sığorta” şirkətində isə əhəmiyyətli kapital çatışmazlığı var. Hər iki sığorta şirkətlərinə qısa vaxt verilib ki, bir-iki ay ərzində kapitallarını tam bərpa etsinlər. Onların indiki kapitalı fəaliyyətləri üçün yetərlidir. Amma tam şəkildə tələb olunan kapitala çatması üçün onların qarşısında ciddi tələblər qoyulub və bunu icra etməlidirlər. Əks halda onlara qarşı addmlar atacağıq”.

Maraqlıdır, bu müddət ərzində adıçəkilən sığorta şirkətlərinin vəziyyətində nə kimi dəyişiklik ola bilər?

Bank məsələləri üzrə hüquqşünas Əkrəm Həsənov Teleqraf.com-a açıqlamasında bildirib ki, Mərkəzi Bank sədri hər iki bankın kapital problemi haqqında fikir səsləndirib: “Sığorta şirkətlərinə 1 ay vaxtın verməsi o deməkdir ki, bu müddət ərzində onlar kapitalı artırmasalar bağlanacaq. Əgər Mərkəzi Bankın sədri açıq deyirsə ki, 1 ay vaxt vermişik və buna riayət olunmasa, bağlanacaq, başqa variant yoxdur. Prinsipcə 1 ay ərzində həmin sığorta şirkətlərinin işində ciddi dəyişiklik olmayacaq. Ən uzağı bu 1 ay ərzində heç kəs gəlib onlarla sığorta müqaviləsi bağlamayacaq. Müştəri bir növü qorxudan gəlməyəcək ki, nəyisə sığortalayar sabah da şirkət bağlanar, ödədiyi də batar”.

Ekspert bu xəbərdarlığın banklar üçün problem olduğunu deyib: “Çünki Mərkəzi Bank sədri banklara dair belə sərt açıqlama verəndən sonra əmanətçilər, şirkətlər bankdakı əmanətlərini çıxara bilərlər. Bu da banklar üçün problem ola bilər. Bütün bunlar onu göstərir ki, Mərkəzi Bank bu il ərzində həm bank, həm də sığorta şirkətlərində kapital problemini həll etmək əzmindədir. Bu problemi həll etməyənlər bazarı tərk edəcəklər”.

Verilən müddətdə sığorta şirkətlərinin problemlərini həll etməsinə gəlincə, Əkrəm Həsənov deyib ki, bu, sığorta şirkətlərinin kapital artımından asılıdır: “Kapital artımı o zaman olur ki, kimsə gəlib şirkətə pul qoyur. Əgər hansısa şirkət və yaxud sahibkar bu sığorta şirkətlərinə pul qoymaq istəsə, problemi prinsipcə 1 həftəyə də həll etmək olar. Amma indiki böhran dövründə heç kəs belə iri miqyaslı kapital qoyuluşu etmir. Bu baxımdan çətin olacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər