2 İyun 2020 13:34
1 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hər il Azərbaycana xarici ölkələrdən 500-600 min dollarlıq zəncəfil idxal olunur. Bir neçə ilə zəncəfil idxalını azaltmağa çalışacağıq”.

Bunu Teleqraf.com-a açıqlamasında Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev deyib.

Lənkəranda ilk dəfə zəncəfil bitkisinin əkilməsindən danışan direktor bildirib ki, daxili istehsal olanda məhsul idxal qiymətindən ən azı iki dəfə aşağı satılacaq: “Pandemiya dövründə zəncəfilin insan sağlamlığı üçün əhəmiyyəti bir daha təsdiqləndi. Məişətdə istifadə olunmaqla yanaşı bir çox xəstəliklərin dərmanı olan zəncəfil həm də güclü antioksidantdır”.

Elmar Allahverdiyev deyir ki, zəncəfil həddən çox rütubəti sevməsə də onun əkildiyi torpağı qurumağa qoymaq olmaz: “Torpaq-iqlim şəraitinə görə hava yüksək rütubətli, əkilmiş torpaq daim nəm, yer də kölgə olmalıdır. Azərbaycanda bu iqlim şərtlərinə cavab verən yer cənub bölgəsidir. Bu məqsədlə Lənkəran təcrübə stansiyasında bir neçə sot ərazidə zəncəfil əkininə başladıq. Lənkəranın torpaq-iqlim şəraiti yüksək keyfiyyətli zəncəfil yetişdirməyə tam imkan verir.

Zəncəfil yüksək məhsuldarlıq verən bitkidir. Amma Abşeronda əksək, bol məhsul əldə edə bilmərik. Yetişdirsək də cənub zonasındakı keyfiyyət olmaz”.

Elmar Allahverdiyev qeyd edib ki, yerli meyvə-tərəvəzin, o cümlədən heyvandarlıq məhsullarının keyfiyyəti həmişə yüksək olub: “Bu baxımdan hesab edirik ki, yerli zəncəfil tərkibinə görə İrandan, Pakistandan və digər ölkələrdən gətirilən məhsulla müqayisədə daha keyfiyyətli olacaq.

İndiyə qədər Azərbaycanda bu bitkinin əkini geniş tətbiq olunmayıb. Zəncəfilin ən yaxşı bir neçə sortunu əldə edib əkmişik. Hansı sort bizim yerli şəraitə uyğun gəlsə, növbəti mövsümdə onun geniş şəkildə əkinini aparacağıq. Hazırda biz zəncəfilin həm artırılması ilə məşğul olmağa başlamışıq, həm də yeni sortlarının yaradılması üzərində iş gedir. Yeni sortların yaradılmasını elmi tədqiqat mövzularına daxil etmişik”.

Qeyd edək ki, respublika ərazisində elan olunmuş karantin dövründə zəncəfilə kəskin tələbat yarandığı üçün onun yerli istehsalının qurulması, torpaq-iqlim amillərinə uyğun olaraq bölgələrdə əkininin təşkili qərara alınıb. İlk addım olaraq Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun (ETİ) Lənkəran Bölgə Zona Təcrübə Stansiyasının (BZTS) ərazisində zəncəfil əkini həyata keçirilib.


Müəllif: Yeganə Oqtayqızı