3 Oktyabr 2014 17:19
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Bolnisi rayonunun azərbaycanlıların kompakt yaşadığı iki kəndinə təbii qaz verilib. Rayonun Qoçulu və İncəoğlu kəndlərində keçirilən açılış mərasimlərində Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze, ARDNŞ-nin Gürcüstanda fəaliyyət göstərən törəmə müəssisəsi “SOCAR Georgia Gas Ltd” şirkətinin rəhbəri Azər Məmmədov və Bolnisi rayon icra hakimiyyətinin başçısı Qoqi Meşveliani iştirak edib. Sonra tədbir iştirakçıları İncəoğlu kənd sakini Haley Musayevin evində qaz sobasını yandırıblar.


K. Kaladze sakinlərin problemlərini dinləyib, kənd yolunu asfaltlaşdırmağa söz verib: “Bu gün Bolnisinin iki kəndinin qazlaşdırılması başa çatıb. Təxminən 550 abonent qazla təmin olunacaq. Mən həyata keçirilən layihələr üçün “SOCAR Georgia Gas Ltd” şirkətinə təşəkkürümü bildirirəm. Bu, bizim üçün çox vacibdir. 2017-ci ildə Gürcüstanın qazlaşdırılması başa çatacaq və indiyədək 850 min abonent artıq qazla təmin olunub”.

K. Kaladze Azərbaycan xalqının Qurban bayramını da təbrik edib: “Azərbaycan xalqı bizim qardaşımızdır. Bu qardaşlıq əsrlərlə davam edir. Bundan sonra da belə davam edəcək”.

“SOCAR Georgia Gas Ltd” şirkətinin rəhbəri Azər Məmmədov APA-ya açıqlamasında İncəoğlu kəndinə 5 km qaz kəməri çəkildiyini və nəticədə 143 ailənin qazla təmin olunduğunu deyib: “Bundan əvvəl isə Qoçulu kəndinə qaz verilməsini həyata keçirdik. Bu kənddə 350 ailə qazla təmin olunub. Biz gələcəkdə Kvemo-Kartli regionunda daha aktiv fəaliyyət göstərəcəyik”.


Müəllif:

Oxşar xəbərlər