5 İyun 2020 14:40
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

“OPEC üzvü və qeyri-üzv dövlətlərin toplantısında iki əsas məsələ müzakirə olunacaq”.

Bunu Teleqraf.com-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib.

Ekspert qeyd edib ki, ilk müzakirə mövzusu may-iyun ayındakı kvotanın saxlanılması olacaq: “İyun ayının 1-dən kvota dəyişməlidir. Bu ilin aprel ayında OPEC+ ölkələri hasilatı 9,7 milyon barel/sutka azaltmaq qərarı vermişdi. Sutkalıq hasilat 9,7 milyon bareldən 7,7 milyon barelə düşməlidir. Yəni azalma həcmləri bazara əlavə 2 milyon barel neft çıxarılmasına imkan verməlidir.

Bu isə neftin qiymətinin aşağı düşməsinə gətirib çıxara bilər. Ona görə də təklif edirlər ki, həm Səudiyyə Ərəbistanı, həm Rusiya bu kvotaları sentyabr ayına qədər saxlasın. Nə qərara gələcəkləri bəlli deyil”.

İlham Şaban deyir ki, toplantının ikinci müzakirə mövzusu təşkilata üzv və qeyri-üzv ölkələrin öhdəliklərə əməl etməməsi ilə bağlı olacaq: “Heç də bütün ölkələr may ayının 1-də OPEC+ çərçivəsində razılaşdırılmış kvotalara ciddi əməl etmir. İstəyirlər xüsusi bir mexanizm hazırlasınlar ki, hamı ona əməl etsin. Öhdəliklərə əməl olunması ilə bağlı müxtəlif rəqəmlər var, amma OPEC Monitorinq Komitəsi yeni rəqəmlər açıqlayacaq.

Bəzi yerlərdə 18%, bəzi yerlərdə 30%, OPEC naziri isə rəsmi olaraq 50% hasilat kvotasına əməl olunmadığını deyir. İraq hədəfdədir, belə ki, ölkə öhdəliklərə cəmi 38% əməl edib.

Bir qayda-qanun yaratmaq istəyirlər ki, hamı ümumi işin xatirinə buna əməl etsin və sui-istifadə hallarının qarşısı alınsın. Əgər hasilat azaldılırsa, buna hamı əməl etməlidir. Hazırda ABŞ-da neft hasilatı azalaraq 11,2 milyon barelə düşüb. Fevral aynda Amerika 13 milyon barel neft hasil etmişdi. Bu, kifayət qədər ciddi azalmadır və bazara təsir edir”.

Ekspert görüşün vaxtı ilə bağlı 3-4 gündür müzakirələrin getdiyini də deyib: “Hesab edirəm ki, bazar günü dolğun məlumat əldə edə biləcəyik. Qlobal neft bazarları da, qiymətlər də bu toplantıdan sonra özünü göstərəcək. Neftin qiymətinin 40 dollardan yüksək olması bazara pozitiv xəbərlərin daxil olması ilə bağlıdır. Xəbərlər gəlirdi ki, görüş zamanı neft hasilatının azaldılması qərarının müddətinin uzadılması gözlənilir. Yeni azalmalarla bağlı xəbərlər qiymətin artmasına təkan verən amildir. Əks təqdirdə qiymət artımına ciddi təsir göstərməzdi”.

Qeyd edək ki, OPEC və qeyri-OPEC ölkələrinin nazirləri iyunun 6-da keçiriləcək iclasda görüşəcək. Görüşü Vyanada yerli vaxtla saat 14:00-da, OPEC-ə daxil olmayan ölkə nazirlərin görüşü isə saat 16:00-da nəzərdə tutulub.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər