Dünya Bankı qlobal iqtisadi artımla bağlı yeni proqnozlarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, qurum bu il dünya üzrə ümumi daxili məhsulun (ÜDM) 5,2% azalacağını, gələn il isə 4,2% artacağını proqnozlaşdırır.
Xatırladaq ki, bundan əvvəlki proqnozda müvafiq olaraq 2,5% və 2,6% iqtisadi artım olacağı bildirilirdi.
Dünya Bankı ümumilikdə inkişaf etmiş iqtisadiyyatların bu il orta hesabla 7%, inkişaf etməkdə olan iqtisadiyyatların isə orta hesabla 2,5% kiçiləcəcəyini bildirir.
Bankın proqnozuna əsasən, bu il Azərbaycan iqtisadiyyatı yeni növ koronavirus (COVID-19) pandemiyası fonunda 2,6% azalacaq. 2021-ci ildə isə ÜDM istehsalının 2,2% artacağı ehtimal olunur. Neft qiymətlərinin sabitləşəcəyini gözləyən bank bu səbəbdən ölkədə iqtisadi aktivliyin 2021-ci ildə artacağını proqnozlaşdırır.
Hesabata görə, koronavirus pandemiyası Azərbaycanda büdcə xərclərinin səhiyyəyə yönələn vəsaitlərin artmasına, vergi ödəyiciləri üçün vergi ödəmələrində təxirə salınmanın təmin olunmasına və əhalinin sosial müdafiəsi tədbirlərinin genişlənməsinə görə artacaq.
Bundan əlavə, Dünya Bankının gözləntilərinə görə, neft qiymətlərinin kəskin azalmasından sonra Azərbaycanda bərpa olunan enerji mənbələrinə strateji investisiya planları genişləndiriləcək.
Qeyd edək ki, bankın bundan əvvəlki proqnozuna əsasən, 2020-ci ildə Azərbaycanda ÜDM 0,2% azalacağı, 2021-ci ildə isə 2,2% artacağı gözlənilirdi.
Sabiq maliyyə naziri Fikrət Yusifovun sözlərinə görə, bankın proqnozlaşdırdığı iqtisadi azalmanı ciddi qəbul etmək olar: “Bütövlükdə dünya iqtisadiyyatı bir eniş dövrünü yaşayır. Bu, koronavirus pandemiyasının yaratdığı vəziyyətlə əlaqədardır. Bu proqnozlar realdır və hesab edirəm ki, bir neçə aydan sonra rəqəmlər dəyişilə, iqtisadi azalma daha da böyüyə bilər. Koronavirus pandemiyası ortaya çıxandan bu günə qədər dünya iqtisadiyyatı 10 trilyon dollara qədər itki ilə üzləşib. Azərbaycan da dünya iqtisadiyyatının bir parçasıdır və buna görə də ölkəmizin itkilərə məruz qalması təbii haldır.
Hökumət maksimum tədbirlər görmək istəyindədir və bu istiqamətdə addımlar atılır. Xüsusilə biznes sektorunun qorunub saxlanması, fəaliyyətinin tamamilə sıradan çıxmaması üçün maddi dəstək verilir, o cümlədən vergi güzəştləri daxil müxtəlif tədbirlərə əl atılır. Azərbaycan Dünya Bankının üzvüdür və onların ölkəmizdə nümayəndəlikləri var, işləyib araşdırma aparırlar, vəziyyəti qiymətləndərirlər. Hər bir ölkə çalışır ki, özünün iqtisadi blokunu qoruyub saxlaya bilsin”.
Fikrət Yusifov qeyd edib ki, pandemiyaya son veriləndən sonrakı dönəmdə itkiləri aradan qaldırmaq üçün ciddi işlər tələb olunacaq: “Avropa ölkələrində koronavirusla bağlı vəziyyət bir qədər sabitləşib. Yalnız Cənubi Amerika və Afrika ölkələrində pandemiya daha sürətlə yayılır. Bu fonda dünya iqtisadiyyatında, eləcə də qlobal neft bazarlarında müəyyən calanma prosesi gedir.
Artıq neftin bir bareli 40 dolları keçib. Amma bu artımlar da, iqtisadiyyatın müəyyən tendensiyaları da kifayət qədər kövrəkdir. Qənaətimcə, koronavirus pandemiyasının vaksininin real olaraq aşkar olunduğu vaxta qədər kövrəklik qalacaq. Peyvəndin tapılmasına qədər vəziyyət çox da inandırıcı, çox da güvənilir və etibarlı görünmür”.