11 İyun 2020 09:18
2 753
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanla Tərəfdaşlıq Proqramı çərçivəsində “Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi” layihəsi ilə bağlı ilk seminarını keçirib. Qeyd edilib ki, Azərbaycan dünyanın ən böyük 5 fındıq istehsalçısı arasındadır. Seminarda fındıqçılıqda əsas problemlər arasında məhsuldarlığın aşağı olması, dayanıqsız kənd təsərrüfatı təcurübələrindən istifadə edilməsi, aflatoksin təhlükəsi, beynəlxalq bazarlarda aflatoksinin ciddi şəkildə nəzarətdə olması, Azərbaycanın əsasən aşağı gəlirli bazarlara fındıq ixrac etməsi, istehsalçılara və ticarətçilərə bazar potensialından daha aşağı qiymətlər təklif olunması kimi məsələlər qeydə alınıb.

“Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri İsmayıl Orucov Teleqraf.com-a müsahibə verib.

- İsmayıl müəllim, FAO açıqlayıb ki, Azərbaycan dünyanın ən böyük 5 fındıq istehsalçısı arasındadır, amma məhsullarını aşağı gəlirli bazarlara ixrac edir. Bu fikirlə razısızmı?

- Fındıq ixracında Azərbaycanın ən böyük bazarı İtaliya və Almaniyadır. Ən böyük tərəfdaşımızdan biri də Rusiyadır, son illər 51%-ə yaxın fındıq ixrac olunub. Amma bu o demək deyil ki, Rusiyaya fındıq ixracı həmişə yüksək olur. 2017-ci ildə ixracın 45%-i İtaliyaya olub. İldən-ilə bazarlardakı tendensiya dəyişilir. Bu bazarları da aşağı gəlirli hesab etmək olmaz.

- Fındığın ixrac qiyməti neçəyədir?

- Fındığın qiyməti dünya bazarları tərəfindən diktə olunur. Ən böyük ixracatçı Türkiyədir, ölkədə lirənin məzənnəsindən asılı olaraq fındığın qiyməti də mütəmadi dəyişilir. Dünya bazarlarında iri şirkətlərin alış strategiyası da buna çox böyük təsir edir. Ona görə qiymət stabil deyil. Elə həftə olur ki, birjada qiymət dəyişilir, elə aylar da olur ki, qiymət dəyişilmədən qalır. Demək olar ki, fındığın qiymətini Türkiyə bazarı və bir neçə iri alıcı tənzimləyir.

- Azərbaycan bazarında fındığın alış qiyməti necədir?

- Ölkəmiz türk bazarlarına əsaslanaraq fermerlərdən malın keyfiyyətinə uyğun olaraq qiymət müəyyən edilir. İl ərzində Xaçmaz bölgəsində fındığın ortalama alış qiyməti 4-6 manat arası, Qəbələ-Balakən zonasında isə 3,50-5 manat arasında olub. Azərbaycanda fındığın alış qiyməti Türkiyədən 1-2% ucuz ola bilər.

Türkiyə Avropanın qapısı hesab olunur. Amma Azərbaycan Avropadan uzaq məsafədə yerləşir, buna görə də nəqliyyat xərcləri baha başa gəlir. Türkiyənin logistika xərcləri 2 min dollar civarındadırsa, Azərbaycanda bu xərc 4-5 min dollar dəhlizindədir. Ona görə nəqliyyat xərci bizi fermerdən alınan fındığı 1-2% daha ucuz almağa məcbur edir. Bu baxımdan ölkə daxilində fermerdən alınan malın qiyməti Türkiyəyə nisbətdə cüzi ucuzdur.

- Hər il Azərbaycanda nə qədər fındıq tədarük edilir?

- Hazırda ölkədə mövcud fındıq bağları 79 min 500 hektarı ötüb. Bunun 40 mindən çoxu məhsuldar bağlar hesab olunur. Yaxın gələcəkdə bağların sayı artmaqda davam edəcək. Bu bağlardan ortalama 50-60 min ton arasında təmizlənməmiş fındıq yığmaq olur. Bu isə ortalama 22-23 min ton təmiz fındıq ləpəsi deməkdir.

- İxracda əsas problem nədir?

- İxracda problem yoxdur. Sadəcə ölkə daxilində müəyyən “iş adamları”nın keyfiyyəti qorumaması nəticəsində Avropada keyfiyyət problemi yaşayarıq. Avropada ixrac olunan fındıqlarda aflatoksin (kiflənmə) xəstəliyi aşkarlanır. Hazırda FAO ilə birlikdə bu xəstəliyin aradan qaldırılması istiqamətində müzakirələr gedir.

Tək Azərbaycan deyil, bütün ixracatçı ölkələrdə belə hallar olur. İl yağıntılı olanda xəstəliyin artım tempi də yüksəlir, quraqlıq olanda azalır. Bu xəstəliyə görə ildə təxminən 200 ton fındıq Avropa bazarından geri qaytarılır. Hesab edirəm ki, 20 min ton fındıq ixracının qarşısında 200 ton fındıq elə də böyük rəqəm deyil. Sadəcə çalışırıq ki, bunu da minimuma endirək.

- Fındıqçılıqda Azərbaycanın ənənəvi problemi nədir?

- Fermerlə istehsalçılar arasında “iş adamları”nın vasitəçi olması bu sektorun ənənəvi problemi hesab olunur. Bunun fındıqçılıq mədəniyyətinin pozulmasında çox böyük rolu var. Bu da nəticədə fındığın keyfiyyətinə təsir edir.

- Bazarda Azərbaycan fındığına rəqib hansı ölkənin məhsulu hesab olunur?

- Dünya bazarında üç ixracatçı dövlət var – Türkiyə, Gürcüstan və Azərbaycan. İtaliya həm istehsalçıdır, tələbatı çox olduğu üçün həm də idxalçıdır. Hər bir ölkənin özünəməxsus fındıq növü var. Məsələn, Türkiyənin “Girəsun”, İtaliyanın “Cifoni”, Azərbaycanın “Atababa” fındıq növləri çox keyfiyyətlidir. Azərbaycanın “Atababa” fındığı İtaliyanın ən yüksək sortları ilə eyni pillədə rəqabət apara bilir.


Müəllif: Yeganə Oqtayqızı