Dünya bazarlarında neftin qiymətində sabitlik yoxdur. Brent markalı neft 1,2% ucuzlaşma ilə 38,09 dollardan, Qərbi Texas nefti isə 1,5% ucuzlaşma ilə 35,80 dollardan alıcı tapıb. Son 2 əməliyyat günündə Brent nefti 8,6%, Qərbi Texas nefti isə 9,6% ucuzlaşıb. Gecə Brent neftinin qiyməti 37,01 dollara düşüb.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti də 1,69 ABŞ dolları, yaxud 4,02% azalaraq 40,33 ABŞ dolları təşkil edib.
Teleqraf.com-un suallarını Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban cavablandırıb.
- İlham müəllim, neftin qiymətinin əks istiqamət götürməsi nə ilə əlaqədardır?
- Bu, ABŞ-ın Enerji İnformasiya Administrasiyasının çərşənbə axşamı açıqladığı hesabatla əlaqədardır. Hesabata əsasən, mart ayından bəri Amerikada neft ehtiyatları rekord dərəcədə 538 milyon barelə qədər yüksəlib. Bir səbəb budur. İkinci səbəb isə dünən ABŞ Federal Ehtiyat Sistemi (FED) ölkənin makroiqtisadi proqnozları ilə bağlı yaydığı hesabatla bağlıdır. Bu hesabatda görə, 2020-ci ildə ABŞ-da ümumi daxili məhsul (ÜDM) 6,5 faiz azalacaq, işsizlik səviyyəsi isə 9,3 faizə qədər artacaq. Bu qəbildən olan informasiyalar fonunda qiymətlər ucuzlaşmağa doğru gedir.
- Vəziyyəti istehlakçı ölkələr üçün necə dəyərləndirmək olar?
- İstehlakçı ölkələrin vəziyyətdən qazanclı çıxacağını demək olmaz. Çünki onlar enerji alırlar, digər tərəfdən iqtisadiyyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə pandemiyanın təsirlərindən kifayət qədər aşağı bir durumdadır.
Yəni bu gün istehlakçı ölkələrin iqtisadi artımı aşağıdır, investisiya problemləri var. Ona görə bunu uduşlu mövqe adlandırmaq doğru olmaz. Bu, insanların evdə oturub az qazanıb, az xərcləməsinə bənzəyir.
- Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 11-ci iclasına ümidlər böyük idi. Qərara əsasən, may-iyun kvotaları daha bir ay uzadıldı, gündəlik neft hasilatının iyulun sonunadək daha 9,7 milyon barel azaldıldı. Qərarın bazara təsirlər etmədiyini demək olarmı?
- Ümumilikdə qərar bazara təsir göstərməkdə davam edir. Çünki may ayında Azərbaycan OPEC+ öhdəliyini 98%-dən çox yerinə yetirib. Cari ilin may-iyun aylarını əhatə edən razılaşmaya əsasən, Rusiya və Səudiyyə Ərəbistanı da gündəlik 8,5 milyon bareldən (80%) artıq neft hasilatını azaldıb.
İyun-iyul aylarının nəticələri bəlli olanda hasilat kəsintilərinə nə qədər əməl olunduğunu demək olar. Hasilatın azalması çox yaxşı haldır. Bazarlardan əlavə neft ehtiyatları yığışdırılıb. Əgər bu olmasaydı neft qiymətləri aprel ayındakı kimi 20 dollar ətrafında olardı. Hazırda neftin qiyməti 35-40 dollar civarındadır.
- Hasilat azalır, bəs tələbat necə, bərpa olunurmu?
- Tələbat bərpa olunur. Ancaq aprellə müqayisədə may ayında 30% artım müşahidə olunub. Əlbəttə, yanvar-fevral ayında olan tələbatı bərpa olunmayıb. Tələbatın artması karantin rejimindən çıxmaqla müşahidə olunacaq. Bu isə tədricən baş verəcək.