May ayında Bakıda daşınmaz əmlak bazarının bütün seqmentləri üzrə qiymətlərdə artım müşahidə edilib. Ümumilikdə daşınmaz əmlak bazar üzrə artım 2,23% olub.
Bu barədə Teleqraf.com-a “MBA Group” konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov bildirib.
Ekspertin sözlərinə görə, qiymət artımı həm yeni, həm də köhnə tikililərdə müşahidə edilir: “Təkrar mənzil bazarında 1 kvadrat metrin qiyməti 1695 manatdan artıb 1702 manat olub. Ümumi artım 0,41% təşkil edib, bu, dəyişən strukturdur. Amma daimi strukturda əksinə, 0,6% azalma var.
İlkin mənzil bazarında 1 kvadrat metrin qiyməti 1329 manatdan 1425 manata qalxıb ki, burada da ümumi artım 7,22% olub. Əsasən ucuz mənzillərdə 3,96% artım olub, bahalı mənzillərdə isə əksinə, 9,1% azalma var”.
Nüsrət İbrahimov qeyd edib ki, ümumilikdə may ayının yekununa görə, mənzil bazarının təklif həcmində də artım qeydə alınıb: “May ayında aprelə nisbətən daşınmaz əmlak bazarında tələb olub. Təkrar mənzil bazarında qiymətlərdə az da olsa, ucuzlaşma, ilkin mənzil bazarında isə cüzi də olsa bahalaşma var”.
Ekspert deyir ki, torpaqlar daha sürətli bahalaşıb: “Belə ki, may ayında torpaqların orta qiymət 21 338 manatdan 24 283 manat olub. Ümumilikdə artım 13,8% olub. Biznes obyektlərinin satış qiymətində isə azalmanı qeyd etməliyik 1 kvadrat metrin orta qiyməti 2953 manatdan 2727 manat olub, ümumi azalma 7,65%-dir. Bir kvadrat orta obyektin aylıq icarə haqqı 1,77% artıb.
Kirayə mənzil bazarında 1 kvadrat metrin qiyməti 8,84 manatdan azalıb 8,65 manat olub, azalma 2,15% təşkil edir”.
Nüsrət İbrahimli daşınmaz əmlak bazardakı canlanmanı insanların problemin həllinə tələsməsində görür: “İnsanlar gözləməkdən bezib, artıq onlar tədricən bazara qayıdırlar”.
Karantin rejimi və məktəblərin bağlanması ilə əlaqədar əksər insanlar bağ evlərinə axın edib. Nüsrət İbrahimli bildirib ki, bu tendensiya bağ evlərinin həm icarə, həm də satış qiymətlərinə təsir edib: “Hazırda bağ evlərinin satışında 2,71%, icarə qiymətində 4,1% qiymət artımı müşahidə olunur”.