Azərbaycan xaricdən buğda alışını kəskin azaldıb.
Teleqraf.com Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadla xəbər verir ki, buğda idxalı məbləğ və miqdar ifadəsində 2 dəfə azalıb.
2020-ci ilin ilk 5 ayında Azərbaycana 74 milyon 615 min dollar dəyərində 341 min 835 ton buğda idxal olunub. 2019-cu ilin ilk 5 ayında isə ölkəyə 124 milyon 453 min dollar dəyərində 551 min 444 ton buğda idxal edilmişdi.
Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə Teleqraf.com-un suallarını cavablandırıb.
- Firdovsi müəllim, Azərbaycanın xaricdən buğda alışını kəskin azaltmasının səbəbləri nədir?
- Ötən il dünya bazarının konyuktura şərtləri əlverişli idi. Bu da bizim sahibkarlara öz ehtiyatlarını idxalla bərabər formalaşdırmağa imkan verdi. Ötən il ehtiyatlar lazım olduğundan çox yığılıb. Bu səbəbdən bu ilki idxalın həcmini artırmağa ehtiyac qalmadı.
2018-2019-cu illərdə buğda mövsümündə dünya bazarlarında qiymətlər nisbətən yüksək idi. Ona görə də yerli sahibkarlar, dəyirmanlar daha çox öz imkanlarından istifadə edib idxalı minimuma salmışdılar. Amma 2019-2020-ci il mövsümündə dünya bazar şərtləri çox əlverişli olduğu, həm də sahibkarlar öz rezervlərini azaltdıqlarına görə Azərbaycanda buğda idxalı 1,5 milyon tona qədər artdı. Yəni lazım olan qədər rezervləri yenə artırdılar.
Ona görə yeni 2020-ci il üçün kifayət qədər ehtiyatlar olduğundan buğda idxalı daha azalan trendlə həyata keçirilir.
- Əvvəlki mövsümdə dünya bazar şərtlərinin müsbət olduğunu deyirsiz. Bəs hazırkı şərtlər necədir?
- İndiki şərtlər də əlverişlidir. Qlobal buğda istehsalının həcmində artım proqnozlaşdırılır. Ehtiyatların nisbəti 35-38%-dən 40%-ə qədər artmış olacaq. Bu da qiymətlərin sabit və ya ötən mövsümlə müqayisədə aşağı olmasını proqnozlaşdırmağa əsas verir. Yəni, çörəksiz qalmayacağıq, məhsul boldur.
- Ölkəmiz buğda idxalından qurtula bilərmi?
- Yox, Azərbaycan heç vaxt buğda idxalından qurtula bilməyəcək. Çünki Azərbaycan taxıl istehsalı ölkəsi deyil. Ölkəmizin ixtisaslaşdığı və təbiətin bizə verdiyi daha çox üstünylüyün olduğu məhsullar var.
Belə ki, bizdə müxtəlif növ meyvə-tərəvəz məhsulları, texniki bitkilər və sair yetişdirilir. Dünyada Rusiya, Qazaxıstan, Ukrayna, ABŞ, Kanada, Avstraliya, Argentina, Fransa, Ruminiya, Almaniya kim iri taxıl istehsalçısı olan ölkələr var. Torpaq ehtiyatları məhdud olan Azərbaycan isə tam taxıl ölkəsi sayıla bilməz. Ona görə də optimal struktur baxımından taxılın bir hissəsini idxal edəcəyik.
Buna baxmayaraq, taxıl təchizatındakı stabilliyi qorumaq üçün ölkənin taxıl innovatorları infrastrukturu kifayət qədər formalaşıb. Azərbaycanın elə emal gücü var ki, nəinki 10 milyon, hətta 15 milyon əhalinin un tələbatını təmin edə bilsin. Həmçinin bu qədər taxıl ehtiyatlarını saxlaya biləcək rezervlərimiz də var.
- Azərbaycanda istehsal olunan taxılın keyfiyyəti məsələsi həmişə müzakirə mövzusu olub. Sizcə, keyfiyyət problemi öz həllini tapıbmı?
- İndiyə qədər ölkədə taxıl istehsal edən hansısa fermerin məhsulunu sata bilmədiyini eşitməmişik. Sadəcə olaraq ölkəmizdə taxıl istehsalı ilə məşğul olanların əksəriyyəti kiçik təsərrüfatlardır. Bu təsərüffatların da müəyyən toplanışı olmalıdır ki, böyük dəyirmanlar fermerlərdən taxılı alsın.
Azərbaycanın illik buğda tələbatı 3,3 milyon tondur, bunun da 2 milyon tonunu daxili istehsal hesabına təmin edirik. İl ərzində təqribən 1,3 milyon ton buğda idxal edirik. İstənilən halda ildə 2 milyon ton buğda istifadə olunur.
- Hazırda taxılçılıqda hansı problemlər mövcuddur?
- Taxılçılığın heç bir problemi yoxdur. Ümumi resurslar var, kombayınlar sahələrdə biçin aparır. Fermerlər əkirlər, biçirlər, satırlar. Bir az su qıtlığı var, bu da qlobal problemdir.