19 İyun 2020 12:23
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya bazarında qızılın qiyməti yenidən azalmağa başlayıb. Ötən gün bir hərrac üzrə qiymətli metal 0,1% dəyər itirərək 1733,9 ABŞ dollarından satılıb. Gündəlik ucuzlaşma isə 1,1%-ə çatıb. Çərşənbə axşamı keçirilən hərraclarda qızıl əvvəlki günə nisbətən 0,5% bahalaşmışdı.

İqtisadçı-ekspert Natiq Cəfərli Teleqraf.com-a açıqlamasında bildirib ki, qızılın qiymətinin əks prosesə dönməsini bir neçə gün izləmək lazımdır:

“Əgər qızılın qiymətində gündəlik azalma müşahidə olunarsa, bunun bir trendə çevrilməsindən danışmaq mümkün olacaq. Hələlik gəlirlərin fiksasiya olunması prosesi gedir. Çünki dünya bazarında qızıl fyuçerslərinin alqı-satqısı ilə məşğul olan yatırım fondları, fiziki və hüquqi şəxslər bəzən qızılın qiyməti maksimal həddə çatarkən əllərində olan müqavilələri sataraq gəlirlərini fiksasiya edirlər. Məsələn, əvvəl bir unsiyası 1400-1500 dollara alınan qızıl kontraktları indi bazarda 1724 dollara satırlar.

Əgər bir neçə gün ardıcıl eyni prosesin şahidi olsaq, bu, o anlama gələcək ki, dünya bazarında səhm bazarına yenidən maraq artır”.

Ekspert deyir ki, pandemiya dönəmində qızıl güvənli liman rolu oynayıb: “Pandemiyadan və sərt karantin tədbirlərindən, dünyada gedən iqtisadi tənəzzüldən dolayı yatırımçılar səhmlərini sataraq əllərində olan sərbəst vəsaiti qızıl fyuçerslərinə yönəldirdilər. Qızılın qiymətinin artmasının əsas səbəbi də güvənli liman rolunu oynamasıdır”.

Natiq Cəfərli qızılın yenidən ucuzlaşma ehtimalını da mümkün sayır: “Bəzi ölkələrdə karatın tədbirləri yumşalır, əsasən banklara və özəl sektora əlavə təşviq paketləri təqdim olunur. Əgər bu proses davamlı şəkildə gedərsə, yenidən yatırımların səhm bazarına geri dönməsinin şahidi olacağıq. Səhm bazarına geri dönüş baş verərsə, qızıldan çıxan investorlar yenidən səhmə yönələcək. Bu zaman qızılın qiymətində yenidən ucuzlaşma müşahidə olunacaq”.

Ekspert prosesin belə tezliklə baş verəcəyini düşünmür: “Hələ ki dünyada iqtisadi proseslərin hansı yöndə gedəcəyi ilə bağlı əminliklə heç nə demək mümkün deyil. Hətta virusla bağlı ikinci dalğanın gəlməsi aktiv müzakirə olunur.

Bir çox ölkələrdə karantin tədbirləri yenidən sərtləşdirildi, o cümlədən Çində Pekin kimi böyük bir şəhər yenidən qapadılıb. Əgər ikinci dalğa daha kəskin olarsa, yatırımçılar yenidən qızıla yönələ bilər. Virusun ikinci dalğası olarsa, qızılın unsiyası tarixində rekord həddə, yəni 2000 dollara çata bilər”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər