23 İyun 2020 23:07
1 598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya bazarında neftin qiymətlərində bahalaşma müşahidə olunur. İyunun 23-nə olan məlumatlara əsasən, "Brent”in avqust fyuçerslərinin qiyməti 0,70% bahalaşaraq bir barelə görə 43,38 dollar olub. "WTI” markalı neft isə 0,54 % bahalaşaraq bir barelə görə 40,95 dollardan satılır.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti dəyişməyərək 43,94 ABŞ dolları təşkil edib.

Rusiya Mərkəzi bankının sədrinin müavini neft qiymətlərinin balanslaşdırıldığını deyib. O qeyd edib ki, əhəmiyyətli sarsıntılar olmadan neft indiki səviyyədə qalacaq.

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev Teleqraf.com-a bildirib ki, son həftələr neftin qiymətindəki artımları iki amillə əlaqələndirmək olar:

“Birinci, neft tədarükünün gələcək inkişafının necə olacağı, digəri pandemiyanın ikinci dalğasının baş vermə ehtimalıdır. Yaxın bir neçə müddətdə qlobal neft bazarlarını dəyərləndirəndə hər iki amil mütləq nəzərə alınmalıdır. Neftin iyun və avqust fyuçers qiymətlərində artımların baş verməsi, OPEC və müttəfiq dövlətlərin kəsintilərlə bağlı götürdükləri öhdəliklərə ciddi cəhdlə əməl etmələri ilə bağlıdır. Digər məqam isə pandemiya ilə bağlı həyata keçirilən karantin tədbirlərinin dünyanın bir çox ölkələrində yumşaldılması ilə əlaqədardır”.

Ekspertin müşahidələrinə əsasən, may ayına nisbətən iyunda neft məhsullarına olan tələbatda əhəmiyyətli artım olub: “Neftin dünya bazarında qiymətini müəyyən edən şərtlərdən biri neft məhsulları bazarıdır. Əgər istehlak olunan neft emala düçar edilirsə, ondan alınan açıq rəngli neft məhsullarının yüksək istehlakı baş verməlidir. Burada müxtəlif markalı benzin, dizel və aviayanacaq növlərindən söhbət gedir. Bu markalara tələbat böyük olmalıdır ki, neftə olan tələbat da artsın. Eyni zamanda emal gücləri müəyyən gəlir götürən marja ilə fəaliyyət göstərməlidir. Neft qiymətlərinin bir neçə gün ərzində 40-43 dollar arasında olması, bazar üçün elə də yaxşı hal deyil. Neft bazarlarında volunterlik çox yüksək səviyyədə davam etdikcə, neft hasil edən dövlətlərin də enerji strategiyalarına mənfi təsir göstərir”.

Zəfər Vəliyev hesab edir ki, bazarda balansı təmin etmək üçün uzun müddət tənzimlənmə prosesi getməlidir: “Öncə stasionar anbarlardakı, sonra isə üzən gəmilərdəki neft həcmləri yığışdırılmalıdır. Bu yolla neft hasilatına stimul verilmiş olar. Amma müxtəlif ölkələrin anbarlarında tələbatdan artıq neft həcmləri var. May ayında Çinin gündəlik neft idxalı ortalama 11 milyon 300 min barel civarında olub. Təbii ki, bu, müsbət bir göstəricidir. Amma bu o demək deyil ki, Çin idxal etdiyi neft həcmlərinin hamısını emala sərf edib. Əslində, idxal edilən neft həcmlərinin bir hissəsi strateji və kommersiya təyinatlı neft ehtiyatlarının formalaşmasına yönəldilib. Bu məqsədlə Çin gündəlik ortalama 2 milyon barel neft idxal edib. İyun ayında Çinin müxtəlif limanlarına 200-ə yaxın tanker yaxınlaşıb. Bu o deməkdir ki, iyul ayında Çində gündəlik neft idxalı 14 milyon bareli keçib.

Məlumata görə, ilin sonuna qədər Çində strateji və kommersiya təyinatlı neft ehtiyatları 1 milyard barelə yaxınlaşacaq, yəni tükənə bilər. Hesab edirəm ki, bundan sonra əks proses başlayacaq. Çinin statistik məlumatlarına görə, ilin sonuna kimi ölkədə neft hasilatının 3,8 milyon barelə qədər artırılması gözlənilir. Çinin strateji və kommersiya təyinatlı anbar mərkəzlərində sərbəst güclər tükəndikcə idxal həcmlərini azaldacaq. Ölkənin enerji şirkətinin aktivində olan gündəlik hasilat həcmləri artdıqca, bu, özünü idxal həcmlərində göstərəcək. Bu, neft bazarlarında diskomfort vəziyyət yaradacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər