25 İyun 2020 15:15
2 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün yumurtanın qiymətinin azalma ehtimalı daha çoxdur, nəinki bahalaşması”.

Bunu Teleqraf.com-az Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev deyib.

O bildirib ki, ölkədə daxili istehsal bolluğu var və bazar ərzaq yumurtası ilə tam təmin olunur: “Əhalinin alıcılıq qabiliyyəti azalan kimi, yumurtanın qiyməti də aşağı düşür. Quşçuluq təsərrüfatlarında yumurtanın yığılıb qalması mövsümü xarakter daşıyır. Bəzən bazarda quş əti yaxşı satılır, yumurta az istehlak olunur, bəzən də əksinə. Bu cür hallar həmişə mövcud olub və alıcılıq qabiliyyətindən asılıdır”.

Aydın Vəliyev cari ilin beş ayında Gürcüstandan ölkəmizə idxal olunan yumurtanın əmtəəlik olmadığına diqqət çəkib:

“Gürcüstandan ölkəmizə damazlıq yumurta ixrac oluna bilər. Çünki ölkəmizdəki quşçuluq təsərrüfatları damazlıq yumurtanın çatmayan hissəsini xaricdən gətirirlər. Damazlıq yumurta yemək üçün nəzərdə tutulmur. Azərbaycanda damazlıq yumurta istehsal olunur. Amma daxili tələbatı ödənmədiyi halda xaricdən də idxal edilir. Bu yumurtalar bazarda açıq satılmır, təsərrüfat sahiblərinin sifarişi ilə qrafiklə gətirilir. Bazar iqtisadiyyatı şəraitində sahibkarın xaricdən mal gətirməsi qadağan deyil”.

Aydın Vəliyev damazlıq yumurtanın qiymətinin əmtəəlik yumurtaya nisbətən baha olduğunu deyib: “Damazlıq yumurtanın qiyməti 50-60 qəpik arasındadır. Bu, əhaliyə satılmır, quşçular üçün gətirilən bu yumurtalar cücə çıxartmaq məqsədi ilə birbaşa inkubatorlara qoyulur. Ərzaq yumurtasının topdansatış qiyməti isə 11-14 qəpik civarındadır. Bu yumurtalar daxildə istehsal olunur və birbaşa əhaliyə satılır”.

İl ərzində Azərbaycanın damazlıq yumurtaya olan ehtiyacın həcminə gəlincə, cəmiyyət sədri bildirib ki, bununla bağlı konkret rəqəm demək çətindir: “İl ərzində müxtəlif rəqəmlər ola bilər. Elə təsərrüfatlar var, istehsalı genişləndirir, bu zaman onun damazlıq yumurtaya ehtiyacı artır. Elə təsərrüfatlar da var, işləyə bilmir, fəaliyyətin dayandırır”.

Aydın Vəliyev ölkədəki quşçuluq təsərrüfatlarının fəaliyyətini qənaətbəxş olduğunu deyib: “Ölkədə yumurtaya olan tələbatın 30-35 faizini Hacıqabul Quşçuluq Fabriki ödəyir. Satışın təsərrüfata aidiyyəti yoxdur, bu, birbaşa bazarla bağlıdır. Xüsusi karantin rejimi şəraitində idxal-ixrac əməliyyatları zəifləyib. Ərzaq məhsulları üzrə məhdudiyyət olmasa da, bir çox ölkələr ixrac olunan məhsullardan imtina edir”.

Qeyd edək ki, bu ilin yanvar-may ayları ərzində Gürcüstan Azərbaycana 393,1 min ABŞ dolları dəyərində 116,8 ton yumurta ixrac edib. İllik müqayisədə ixrac edilən məhsulun həcmi 57,5 ton və ya 97% artaraq 116,8 tona, dəyəri isə 155,9 min dollar və ya 65,7% artaraq 391,1 min dollara çatıb.

Xatırladaq ki, 2019-cu ilin yanvar-may ayları ərzində Gürcüstandan Azərbaycana 237,2 min dollar dəyərində 59,3 ton yumurta ixrac edilib.


Müəllif: Yeganə Oqtayqızı