Çində dövlətə məxsus dörd neftayırma zavodu birlikdə neft almaq üçün ittifaq yaradacaq. Hökumətdən dəstək alan “Sinopec”, “PetroChina”, CNOOC və “Sinochem” şirkətlər qiymətə təsirini genişləndirmək istəyir. Məlumata görə, şirkətlər iyul ayında ABŞ və Rusiya nefti üçün ilk birgə müraciət təqdim edəcəklər.
Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev Teleqraf.com-a açıqlamasında ittifaq yaradılacağı təqdirdə onun enerji bazarlarına təsirini şərh edib.
Ekspert bildirib ki, Çin hazırda gündəlik neft idxalına görə dünyada ilk yerdə dayanır: “Mart ayında ölkənin gündəlik neft idxalı 9,8 milyon barel, aprel ayında 11,3 milyon barel təşkil edib. İyun ayında idxal həcmlərnini aprel və may ayı ilə müqayisədə daha çox olacağı proqnozlaşdırılır. Bazar iştirakçılarının və beynəlxalq sulardan neft daşıyan tankerlərin hərəkət marşrutuna nəzarət edən müstəqil şirkətlərin verdiyi məlumata görə, iyun ayında gündəlik idxal həcmləri 14,0 milyon barel civarında ola bilər.
Çünki iyun ayında Çin limanlarına 200-ə yaxın ağır detveytli (ton) gəmilər yan alacaq. Çinin dövlət və müstəqil enerji şirkətlərinə məxsus neft emalı güclərinin gündəlik xammalla yüklənməsi 14,0 milyon barel təşkil edir. Eyni zamanda Çin strateji neft ehtiyatlarının həcminə görə ABŞ-dan sonra ikinci yerdə dayanır. Digər tərəfdən Çinin enerji şirkətləri qlobal bazarlara neft məhsullarının tədarükündə aparıcı mövqeyə malikdirlər”.
Analitik qeyd edib ki, yuxarıda sadalanan faktorların Çinin dünya bazarında neftin qiymətinin müəyyən edilməsində təsir imkanlarına malik olduğunu deməyə əsas verir: “Şanxay birjalarında neft fyuçerslərinin Çinin milli pul vahidi yuanla buraxılması da Çinin qlobal neft qiymətlərinə təsirini şərtləndirən addımların ilki idi. Çinin aparıcı “China Petroleum & Chemical Corp”, “PetroChina Co”, “Cnooc Ltd” və “Sinochem Group Co” kimi aparıcı enerji şirkətlərinin neft alışında vahid mövqedən çıxış etmək və resursları birləşdirmək planı sonda dünya bazarında neftin qiymətinin müəyyən edilməsinə təsir edəcək.
Nəzərə almaq lazımdır ki, yuxarıda adı keçən enerji şirkətlərinin aktivində olan emal güclərinin gündəlik neftlə yüklənməsi 5.0 milyon barel təşkil edir”.
Zəfər Vəliyev onu da qeyd edib ki, Çinin Şanxay Birjası vasitəsilə neft qiymətlərinə təsir etmək cəhdləri bir nəticə verməyib: “Müzakirə səviyyəsində olan bu planın neftin qiymətinə necə təsir edəcəyini əvvəldən söyləmək bir az çətindir. Çünki qarşıdakı aylarda Çinin idxal həcmlərində ciddi artımlar müşahidə olunmayacaq. Müstəqil mənbələrin verdiyi məlumata görə, Çinin aktivində olan strateji təyinatlı neft ehtiyatlarında sərbəst güclər bitmək üzrədir.
Asiya-Sakit Okean neft bazarında neft fyuçerslərininin satışı Oman və Dubay etalon markalı neft qiymətlərinə söykənir. Çin şirkətlərinin müzakirə edilən birgə alış proqramının iyul ayında həyata keçirilməsi nəzərdə tutulur və ilkin olaraq Rusiyanın ESPO markalı eksport neftinin və Qərbi Afrika neftlərinin tədarükünü əhatə edəcək”.
Ekspertin qənaətincə, yaradılacaq birlik neft bazarlarında qiymət formalaşmasına ciddi təsir edə bilməz: “Çünki Asiya bazarlarının əsas iştirakçıları bazara tədarük edilən neftin qiymətini öncədən elan edirlər və bu haqda müştəriyə rəsmi məlumat verirlər”.
Azərbaycan neftinə gəlincə isə, Zəfər Vəliyev “Azeri Light” markalı neftin əsas satış bazarının Aralıq və Qara dəniz enerji bazarları olduğuna diqqət çəkib: “Asiya bazarlarına neft tədarükü istisna hallarda müşahidə edilir”.