1 İyul 2020 14:48
1 425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda siqaretin qiymətində bahalaşma olub.

Telqraf.com-un məlumatına görə, bu gündən əksər mağazalarda siqaretlər 10 qəpik baha satılır. Faktı mağaza sahibləri də təsdiqləyib. Onlar bildiriblər ki, bu gündən siqaretin hər bir qutusunun qiyməti 10 qəpik artıb. Satıcılar bunun səbəbini izah etməkdə çətinlik çəkiblər.

Adətən Azərbaycana idxal olunan tütün və tütün məmulatlarının qiyməti bu məhsullara tətbiq edilən aksiz vergisi ilə müəyyən olunur. Aksiz vergisi artmadığı halda siqaretlərin qiymətindəki dəyişiklik maraq doğurur.

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, vergi və gömrük rüsumlarında dəyişiklik olanda qiymətə avtomatik təsir edir: “Amma bu sahədə qiymət dövlət tərəfindən tənzimlənmir. Sadəcə bazarda iri paya malik bir neçə şirkət istəsə, qiymətlə oynaya bilirlər. Yəni bu, dövlət tərəfindən tənzimlənməyən qiymətlərdir.

Dövlət qiymətlərə yalnız aksiz vergiləri və gömrük rüsumları ilə təsir edə bilir. Mövcud qiymət artımının dövlətin atdığı addımlarla əlaqəsi yoxdur. Son zamanlar nə aksiz vergisində, nə də gömrük rüsumlarında bir dəyişiklik var”.

Ekspert deyir ki, bazara nəzarət edən müvafiq şirkətlər qiymət artımını bir neçə səbəblə izah edirlər: “Onlar bu qərarı guya dünya bazarında tütünün qiymətindəki dəyişikliklə əlaqələndirirlər. Eyni zamanda sərhədlər bağlı olduğu üçün logistika xərclərinin də artdığı söylənilir. Bildirilir ki, bu səbəblərdən ölkəyə xammal gətirərkən daha çox vəsait xərcləməyə məcbur olurlar. Bu isə malın maya dəyərinə təsir edir”.

Dünyada praktikasına toxunan Natiq Cəfərli deyir ki, hökumətlər tütün məmulatları və spirtli içkilərin aksiz vergiləri və ya gömrük rüsumlarının artırılmasına daha rahat gedirlər: “Çünki bu, sosial məsələ deyil və vətəndaşların çox da böyük etirazına səbəb olmur. Amma bu tənzimlənmənin dövlət tərəfindən aparılması daha məqsədəuyğundur, çünki heç olmasa həmin vəsaitlər büdcəyə daxil olur”.

Analitik deyir ki, biznes çevrələrinin bazara sərbəst nəzarət etmələri başqa fəsadlara səbəb ola bilər: “Hesab edirəm ki, daxili bazarda spirtli içkilərin və tütün məmulatlarının qiymət tənzimlənməsi qonşu ölkələrdə gedən proseslərlə paralel olmalıdır. Əgər qonşu ölkələrdə qiymət aşağı olacaqsa, bu zaman qaçaqmalçılıq artacaq. Hətta ölkə ərazisində ev şəraitində hazırlanan spirtli içkilərin istehsalı da artacaq ki, bu da zəhərlənmələrə yol açacaq və insan sağlamlığına daha çox ziyan vuracaq.

Tütün məmulatları da belədir. Siqaretlərin qiyməti kəskin artarsa, qeyri-leqal yolla ölkəyə gətirilən tütün məmulatlarının həcmi çoxalacaq ki, bunun da qarşısını almaq çətin olacaq. Ona görə də həmişə qiymətləri tənzimləyərkən qonşu ölkələrdəki qiyməti nəzərə almaq lazımdır. Bu zaman həm büdcə itirir, həm də daxili bazarda “kölgə iqtisadiyyat”ının formalaşmasında növbəti sıçrayış baş verir”.


Müəllif: Yeganə Oqtayqızı