2 İyul 2020 15:57
1 335
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mərkəzi Bankı (AMB) iyul ayının 1-i üçün valyuta ehtiyatlarının həcmini açıqlayıb. Məlum olub ki, valyuta ehtiyatları iyunun 1-i ilə müqayisədə 21,9 milyon dollar və yaxud 0,3% çoxdur. Bu il iyulun 1-nə valyuta ehtiyatlarının həcmi 6 436,3 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 178,3 milyon dollar və yaxud 28,5%, son 1 ildə isə 496,9 milyon dollar və yaxud 8,4% artıb.

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Teleqraf.com-a açıqlamasında deyib ki, Mərkəzi Bank həm sərt pul, həm də maliyyə sabitliyinin qorunması istiqamətində siyasət aparır: “Bu çərçivədə aparılan işlərdən biri də resurslara qənaət olunması və valyuta bazarına ciddi nəzarətin həyata keçirilməsidir. Hesab edirəm ki, son dövrlər Mərkəzi Bankın apardığı qənaət siyasəti vəsaitlərin formalaşmasına dəstək verib”.

Ekspertin fikrincə, ölkədə manata nisbətən dollar yığımı üstünlük təşkil edir: “Devalvasiyanın ilk dövrü ilə müqayisədə müəyyən artımlar müşahidə olunur. Dövlət büdcəsinin qəbul olunması ilə bağlı hazırlanan sənədlərdən və dövlətin iqtisadi inkişaf konsepsiyasından da görmək olar ki, hökumət məzənnənin sabit qalmasında maraqlıdır. Bu halda iqtisadiyyatın proqnozlaşdırılması və özəl sektorun inkişafı dayanıqlı olur. Bu baxımından açıqlanan sənədlərdə növbəti 2-3 il ərzində məzənnənin bu şəkildə qalması öz əksini tapıb”.

Real sektorun kreditə olan tələbatına gəlincə, Ruslan Atakişiyev deyib ki, dövlət Sahibkarlığa Kömək Milli Fondu vasitəsi ilə siyasət həyata keçirir: “Bu məqsədlə pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə kreditlərin 60%-i dövlət zəmanəti ilə verilir.

Zəmanət verilən kreditlər üzrə faizlərin yarısı (15%-in 7.5%-i) dövlət büdcəsi hesabına subsidiyalaşdırılır. Bu formada sahibkarların kredit əlçatanlığını asanlaşdırmağa çalışırlar. Təbii ki, iqtisadi aktivliyin aşağı düşdüyü hazırkı dövrdə əvvəlki illərlə müqayisədə kreditə maraq aşağıdır”.


Müəllif: Yeganə Oqtayqızı