10 İyul 2020 22:26
1 270
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq 5 aydır Azərbaycanda koronavirusa görə xüsusi karantin rejimi tətbiq edilir. Karantin dövrü uzandıqca problemlər daha da dərinləşir. İndiki böhran iqtisadiyyatın bütün sahələrini - istehsal, xidmət sektorunu da əhatə edir. Ən çox zərər dəyən sahələrdən biri də daşınmaz əmlak bazarıdır.

Daşınmaz əmlak sektoru üzrə ekspert Elnur Fərzəliyev Teleqraf.com-a bildirib ki, bazarda ipoteka kreditlərinə düşəcək mənzillərin alıcıları var:

“Daşınmaz əmlak bazarında satıcılar da artıb. Bir ara mənzil bazarında alıcı və satıcı kütləsi yox idi. Karantin rejimi tətbiq olunandan, SMS icazə ilə yaşayış yerini tərk etmək məsələsi ortaya çıxandan bazarın əvvəlki qaynarlığı qalmayıb. Tutaq ki, ev almaq istəyən müştəri 2 saatlıq SMS icazə ilə evdən çıxıb işlərini həll edə bilmir. Ev alışı üçün azı 1 həftə vaxt sərf etmək lazım gəlir. Evini satmaq istəyənlər belə, pandemiya səbəbindən kənar şəxsləri evlərinə buraxmaq istəmirlər. Ev satan insanların bir qismi rayon qeydiyyatında olduğu üçün şəhərə gələ bilmir. Bu kimi problemlər var ki, daşınmaz əmlak bazarını tormozlayır”.

Ekspert deyir ki, maneələrə baxmayaraq, daşınmaz əmlak bazarında müəyyən canlanma prosesləri də gedir: “Bu sektora insanları cəlb edən səbəblər də var. Vətəndaşların banklara inamı qalmayıb, onlar manatın ucuzlaşmasından, dolların məzənnəsinin artacağından ehtiyat edirlər. Ona görə də Azərbaycanda ən gözəl yatırım daşınmaz əmlak sektorudur. Yeni alınan obyekt sahibi istədiyi vaxt oranı kirayə verə və ya sata bilər. Pulun qorunması üçün ən təhlükəsiz mənbə daşınmaz əmlakdır”.

Analitik deyir ki, əvvəlki illərin yay mövsümündə daşınmaz əmlak bazarında digər aylara nisbətən 50% sakitlik olurdu: “Çünki əmlaka yatırım edən imkanlı şəxslər şəhərdən kənarda istirahətdə olurlar. Bu sahənin əsas işlək vaxtı avqustun sonu, sentyabrın əvvəli başlayır. Pandemiya daşınmaz əmlak bazarına ciddi təsir edib. Torpağa tələbat hər zaman olub, amma virus bu tələbatı daha da artırıb. Binadan mənzil almaq istəyən adamlar fikirlərini dəyişib, onlar həyətyanı ev və ya torpaq almaq istəyirlər. Torpaq sahələri məhduddur, buna görə də qiymətlər yüksəkdir, bəzilərinin də sənədləri düzgün deyil.

Kirayə mənzil bazarında da durğunluq var. Aylıq icarə haqqı 1 000-2500 manat arasında dəyişən mənzillər demək olar ki, boşdur. Pandemiya səbəbindən ali təhsil müəssisələrində tədris erkən dayandırıldı, eləcə də iş yerləri bağlandı. Bu da həmin binalarda olan icarə mənzillərin boş qalmasına səbəb oldu. Bağ evlərinə tələbat çoxdur, həm kirayə, həm də satış qiymətləri iki dəfədən çox artıb. Kirayə bağ evlərinin qiyməti 500 manatdan başlayıb 7- 8 min manata arasında dəyişir”.

Elnur Fərzəliyev Azərbaycan iqtisadiyyatının digər ölkələrlə müqayisədə çox şaxəli olmadığını bildirib: “Ölkə iqtisadiyyatının böyük hissəsi neft, bir hissəsi də daşınmaz əmlak üzərində qurulub. Əvvəlki dövrlə müqayisədə hazırda ölkəmizdə tikinti sektorunun inşası dayanıb.

2018-ci ildən tikintiyə və istismarına icazə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verildi. Komitə tikinti normativlərini sərtləşdirdi. Bu gün paytaxtda binalar o qədər plansız şəkildə tikilib ki, Bakının Baş planını hazırlamaq istəyirlər, amma bacarmadılar. Planı xarici şirkətə verdilər, heç onlar da bacarmır. Çünki Baş planın qurulması üçün tikilmiş yeni binaların bir hissəsi şəhərdən kənara çıxarılmalıdır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər