9 Oktyabr 2014 08:56
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu ilin 9 ayında ölkə iqtisadiyyatı ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə qeyd edildiyi kimi 2,5 faiz, onun qeyri-neft sektoru isə 6,0 faiz artmışdır. Ölkəmizin maliyyə mövqeyi daha da güclənmiş, məcmu valyuta ehtiyatlarımız 2014-cü il 1 oktyabr tarixinə 53,0 milyard ABŞ dolları səviyyəsinədək yüksəlmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 milyard ABŞ dolları və ya 8,0 faiz artım əldə edilmişdir. Məcmu valyuta ehtiyatlarımızın xarici dövlət borcuna nisbəti 8 dəfədən artıq olmuşdur”.

Teleqraf.com-un məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı deyib.

Nazir bildirib ki, xarici dövlət borcumuzun ümumi daxili məhsula nisbəti isə 8,5 faiz səviyyəsində qərarlaşmışdır: “Ölkəmizin beynəlxalq qiymətləndirmə reytinqlərində əldə etdiyi yüksək iqtisadi mövqeləri də qorunub saxlanılmışdır.Dünyanın aparıcı üç beynəlxalq reytinq agentliyi tərəfindən ölkəmizə verilən investisiya səviyyəli kredit reytinqləri bir daha təsdiqlənmiş, Dünya İqtisadi Forumunun qlobal rəqabətlik indeksində Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyəti bir pillə də artaraq, qiymətləndirmə ilə əhatə olunan 144 ölkə arasında 38-ci yerə yüksəlmişdir.

Qeyd olunan reytinqlər Azərbaycan Respublikasının investisiya baxımından cəlbedici ölkələr sırasında aparıcı ölkələrdən biri olduğunu növbəti dəfə nümayiş etdirir. Bunun bariz nümunəsi 2014-cü il sentyabrın 20-də Azərbaycan qazının Avropa bazarlarına çatdırılmasını təmin edəcək “Cənub” qaz dəhlizinin Bakıda təməlinin qoyulması olmuşdur. Bu layihə Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı, Azərbaycanın qarşıdakı onilliklər ərzində Avropa enerji təchizatında rolunun daha da artmasına, dövlətimizin texnoloji və iqtisadi inkişafına, xalqımızın firavan yaşamaşına əlavə təkan verəcəkdir”.


Müəllif:

Oxşar xəbərlər