Ölkəmiz son illər sosial və iqtisadi inkişaf sahələrində kifayət qədər nailiyyətlər əldə edib. Bu nailiyyətlər həm milli və beynəlxalq sənədlərdə, həm də aparıcı təşkilatların, qurumların hesabatlarına öz əksini tapıb. Məhz dövlətimizin BMT-nin “Davamlı inkişaf hesabatı-2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşması da uğurlu inkişaf strategiyasımızdan irəli gəlir.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Aydın Hüseynov bildirib.
Onun sözlərinə görə, ölkəmizin beynəlxalq təşkilatların hesabatlarında yüksək göstəricilərə nail olması Prezindent İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsində mümkün olub.
Aydın Hüseynov bildirib ki, bu gün regionda öz inkişaf strategiyasına və qlobal pandemiya dövründə dayanıqlı iqtisadi əsaslara görə Azərbaycan öz liderliyi qoruyub saxlayır:
“Sosial və iqtisadi sahələrdəki nailiyyətlərin artmasının dayanıqlı olması ölkə tərəfindən əsas prioritet qismində qəbul edilib. Ölkənin inkişaf prinsiplərinin tətbiqi indiki və gələcək nəsillərin maraqlarını təmin edən dayanıqlılığın təminatına yönəlib. Məhz bu səbəbdən də “Davamlı inkişaf məqsədləri indeksi”nə görə Azərbaycan regional lider dövlətə çevrilib. Ölkəmiz BMT-nin hesabatında 54-cü yerdə qərarlaşmaqla bütün qonşularını geridə qoyub. Bu da Azərbaycanda düzgün idarəetmə mexanizminin gələcəyə, inkişafa əsaslandığının əsaslı sübutudur”.
Millət vəkili vurğulayıb ki, Prezindet İlham Əliyevin həyata keçirdiyi islahatlar dövlətimizin aparıcı mövqeyə sahiblənməsini təmin edib: “Həyata keçirilən islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılması ölkə iqtisadiyyatının sürətli inkişafını və onun rəqabət qabiliyyətinin yüksəlməsini təmin edib. Ölkədə həyata keçirilən sosial siyasət nümunəvi xarakter daşıyır. Reallaşdırılan sosial paketlər ölkə əhalisinin rifahının yüksəlməsinə, yoxsulluğun aradan qaldırılmasına, səhiyyə sisteminin müasir standartlara uyğun yenidən qurulması təmin edilib”.
Deputat əlavə edib ki, son 17 il ərzində Azərbaycanın uğurlu inkişaf strategiyasının həyata keçirilməsi dünya ölkələrinin inkişaf parametrlərini qiymətləndirən beynəlxalq təşkilatların, aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları hesabatlarında da öz layiqli yerini tutmasına gətirib çıxarıb.
Aydın Hüseynovun sözlərinə görə, məhz bu hesabat və BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı qlobal məsələlərin həllində də əhəmiyyətli rola malik ölkə statusuna yüksəldib.