15 İyul 2020 20:25
1 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya dönəmində Azərbaycan vətəndaşlarının Türkiyəyə gedib mənzil almaları inandırıcı görünmür. Məlumdur ki, bu müddət ərzində sərhədlər bağlı olub. Çox güman ki, onlar işlə və ya təhsillə bağlı çoxdan Türkiyədə qalan Azərbaycan vətəndaşlarıdır. Bu şəxslər mənzili əvvəlcədən alsalar da, qeydiyyata iyun ayında düşə biliblər.

Bunu Teleqraf.com-a açıqlamasında "MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.

Türkiyənin əmlak bazarını cəlbedici edən səbəblərə gəlincə, ekspert qardaş ölkədə biznes və investisiya mühitinin əlverişli olduğunu vurğulayıb: “Xüsusən turizm sektoru bu ölkəyə marağı artırır. Xarici ölkə vətəndaşları mənzil alıb kirayə verir və il ərzində stabil gəlir əldə edirlər. Yəni investisiya daha çox bu sahəyə yönəldilib. Digər tərəfdən, biznesi Türkiyədə olan iş adamları, həmçinin övladı təhsil alanlar da orada mənzil almağa üstünlük verirlər”.

Nüsrət İbrahimov onu da qeyd edib ki, iki il bundan əvvəl Türkiyə əcnəbilərə torpaq satışına qoyulmuş məhdudiyyəti götürüb: “Türkiyənin Mülkiyyət Qanununa edilmiş dəyişikliyə əsasən, xarici ölkə vətəndaşları torpaq sahələri ala bilər. Dünyada çox dövlət var ki, bu icazəni vermirlər, o cümlədən Azərbaycanda da xarici vətəndaş torpağı özəlləşdirə bilməz. Türkiyədə bu icazə olduğu üçün əmlak bazarının cəlbediciliyi artır. Bu qanun dəyişikliyinə görə, nəinki azərbaycanlılar, həm də ərəb ölkələrinin vətəndaşları da Türkiyəyə külli miqdarda vəsait yatırır”.

Ekspert son dönəmlər Türkiyədə ipoteka ilə mənzil satışında kəskin artımın olduğuna da diqqət çəkib: “Çox güman ki, azərbaycanlılar oradakı əlverişli ipoteka şərtlərindən faydalanır. Orada banklar tərəfindən cəlb edilmiş özəl vəsaitlər üstünlük təşkil edir. Bu da mənzil satışına dəstəkdir. Azərbaycanda isə ipoteka kreditləri əsasən dövlət vəsaitləri hesabına verilir”.

Qeyd edək ki, bu ilin iyun ayında Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb. Türkiyənin Statistika İdarəsinin verdiyi məlumata görə, bu, ötən ilin iyun ayı ilə müqayisədə 3 mənzil və yaxud 4,5% çoxdur. Ümumilikdə isə 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan vətəndaşları Türkiyədə 431 mənzil alıb ki, bu da 2019-cu ilin 6 ayı ilə müqayisədə 100 ədəd və ya 18,8% azdır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər