17 İyul 2020 14:27
1 631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 45,9 milyon ABŞ dolları dəyərində 25,7 min ton ət idxal edib.

Teleqraf.com xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,6 milyon ABŞ dolları (29,8%) və 1,6 min ton (6,7%) çoxdur.

Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,9%-ni təşkil edib.

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib ki, Azərbaycanda il ərzində təqribən 330 min ton əti istehsal olunur. İstehsalın 140 min tona yaxınını mal əti təşkil edir: “Yarım ildə ət idxalında 1,6 min ton artım kəskin bir problem deyil. Bu, ümumi bazar trendidir, idxal yarım illikdə arta, növbəti 6 ayda azala bilər. Burada qeyri-adi heç nə yoxdur”.

Direktor bildirib ki, ölkəyə həm diri çəkidə, həm də kəsilmiş şəkildə ət idxal olunur: “Ümumilikdə ölkəyə həm diri çəkidə, həm də kəsilmiş formada 12-15 min ton mal əti idxal olunur. Gətirilən diri mal-qara da ət hesab olunur. İl ərzində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə damazlıq niyyəti ilə 4-5 min baş heyvan gətirilir. Avropadan gələn yüksək məhsuldarlıqlı cinslərdən başqa, Rusiya, MDB ölkələrindən də cins mallar gətirilir”.

Firdovsi Fikrətzadə il ərzində Azərbaycana təxminən 30-35 min ton quş əti idxal olunduğunu qeyd edib: “Bu ilin 6 ayı ərzində ölkəyə 17 min ton quş əti idxal olunub. Ümumilikdə ət idxalının böyük hissəsi quş əti təşkil edir.

Ölkəmizə həm mal, həm də quş əti idxalı əsasən Ukraynadan gətirilir. Daha sonra kəsilmiş çəkidə mal əti qismən Gürcüstandan, Belarusiyadan, az həcmdə də Rusiyadan gəlir”.

Çində istehsal olunan süni ətlərin Azərbaycan bazarına daxil olmasına gəlincə, Firdovsi Fikrətzadə bildirib ki, Azərbaycan Çindən heç bir formada ət idxal etmir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər