21 İyul 2020 12:52
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) liderləri xilasetmə paketi ilə bağlı günlərdir davam edən müzakirədən sonra razılığa gəliblər.

Teleqraf.com xəbər verir ki, liderlər İttifaqa üzv ölkələrin iqtisadiyyatlarını dəstəkləmək üçün 750 milyard avro (860 milyard dollar) istiqrazların verilməsini nəzərdə tutan təşviq paketi ilə razılaşıblar.

Brüsseldə dörd gün davam edən danışıqlardan sonra əldə olunan razılaşmanı 27 üzv ölkənin yekdilliklə təsdiq etməsi gözlənilirdi. Bu razılaşma may ayında ilk qanun layihəsini hazırlayan Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makronun zəfəri kimi dəyərləndirilir.

Fövqəladə yardım fondunun 390 milyard avroluq qismini qrant, 360 milyard avroluq qismini isə aşağı faizli kreditlər təşkil edir.

Vəsaitin üçdə biri iqlim dəyişikliyinə qarşı mübarizəyə yönəldiləcək. Blokun növbəti 1 trilyon avro məbləğində 7 illik büdcəsi ilə birlikdə bu addım tarixdəki ən böyük yaşıl təşviq paketi olacaq. Bütün xərclər Paris Sazişinin istixana qazlarının azaldılması hədəfinə uyğun olacaq.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər