7 Avqust 2020 15:38
1 372
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci il dövlət büdcəsinə dəyişikliklər qəbul edilib. Dəyişikliyə əsasən, Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492 milyon 200 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 23 milyard 359 milyon 465 min manat, yerli gəlirləri 764 milyon 535 min manat, mərkəzləşdirilmiş xərcləri 26 milyard 677 milyon 330 min manat, yerli xərcləri 814 milyon 870 min manat) məbləğində müəyyən edilib. Bundan başqa, yeni dəyişikliyə əsasən, neftin 1 barelinin qiyməti 35 dollar nəzərdə tutulub.

Büdcə dəyişiklikləri ilə bağlı Teleqraf.com-un suallarını İqtisadçı-ekspert Rəşad Həsənov cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Rəşad müəllim, büdcə dəyişikliklərini zəruri edən səbəblər barədə nə deyərdiz?

- Təbii ki, bu gözlənilirdi. Təxminən ayyarım əvvəl Maliyyə Nazirliyi büdcəyə təkrar baxılmaması ilə bağlı açıqlama vermişdi və buna zərurətin olmadığını bildirmişdi. Bununla belə, hətta pandemiya başladığı dövrdən etibarən yaranmış yeni vəziyyəti - həm büdcənin gəlirlər, həm də xərclər hissəsinə pandemiyanın təsirini nəzərə alaraq büdcəyə yenidən baxılma zərurətinin olduğunu dəfələrlə demişdik. Çünki qanunvericiliyin tələbinə uyğun olaraq Maliyyə Nazirliyinin müəyyən xərclər istiqamətində manevr etmək imkanı olsa da, konyunkturu pandemiya ciddi şəkildə dəyişdirib. Bu da büdcəyə yenidən baxılması, risklərin sığortalanması, xərclərin optimallaşdırılması, potensial büdcə kəsirinin hansısa formada maliyyələşdirilməsi alətlərinin yaradılması zərurətini ortaya çıxarmışdı.

Büdcə gəlirlərinin 55 faizə yaxın hissəsi neftdən formalaşırdı ki, neftin qiyməti də kəskin şəkildə azalmışdı. Təbii ki, burada Neft Fondunun vəsaitləri əsas təşkil edir və indiki halda ödənişin sabit şəkildə həyata keçirilməsi mümkün idi. Amma pandemiyaya görə vergi tənzimləmələrinə yenidən baxılmışdı və güzəştlər tətbiq edillmişdi. Hökumətin açıqladığı rəqəmlərdən görünən o idi ki, güzəştlər nəticəsində təxminən 130 milyon manat fiskal azalma ehtimal olunur.

Neftin ucuzlaşması bu sektorda gəlirlərin azalmasına gətirib çıxarmışdı, xərclər tamamilə dəyişmişdi. Hətta ilk sərəncamla məhz pandemiya tədbirlərinin maliyyələşməsinə 1 milyard manat vəsaitin ayrılması nəzərdə tutulurdu. Sonradan fərqli sərəncamlarla bu göstəricilər 1,7 - 1,8 milyard manata qədər artmışdı.

Büdcə strukturunda vəsaitlərin bu şəkildə yönləndirilməsi əslində hüquqi baxımdan da çətinlik törədirdi. Buna görə düşünürəm ki, qanunvericiliyə yenidən baxılması və büdcə planlamasında dəqiqləşdirilmələrin aparılması vacib idi.

Əsas məqamlardan biri də büdcə qanununun icrası ilə bağlı müəyyən tətilin elan edilməsidir. Faktiki olaraq 2019-cu ildə büdcə sistemi haqqında qanuna dəyişiklik olunmuşdu. Bu dəyişikliyə büdcənin gəlir və xərclərinin fomalaşması, Neft Fondundan ayırmaların həyata keçirilməsində neftin qiyməti, məcmu tələb, xarici borclanma və sair kimi amillərin nəzərə alınması məsələsi var idi. İndiki şəraitdə isə rəqəmlər bu qanunun pozulmasına gətirib çıxarırdı. Bunun hansısa formada hüquqi əsasının yaradılmasına ehtiyac vardı.

- Büdcədə ilkin olaraq nələr dəyişdi?

- İlk dəfə neftin qiymətinin düşən vaxtında Neft Fondundan ayırmaların həcmi artırıldı. Adətən Azərbaycanda dövlət büdcəsinə neft qiymətlərinə dəyişikliklər fonunda baxılırdı. Proqnoz və qiymətlər uzlaşmadığı təqdirdə Neft Fondundan ayırmaların həcmi düz mütənasib olurdu - qiymətlər artırdısa, büdcədə neft gəlirləri də artırdı, qiymətlər azalırdısa, büdcədə neft gəlirləri də azaldılırdı. Bu dəfə tərsinə oldu. Neft gəlirlərinin əhəmiyyətli səviyyədə azaldığı şərtləri daxilində Neft Fondundan ayırmaların həcmi 850 milyon manata artırıldı. İlk fərqlərdən biri bundan ibarətdir.

Bu, məcburi xarakterli addım kimi də qiymətləndirilə bilər. Çünki nə qədər ziddiyyətli olsa da, ilin birinci yarısında qeyri-neft sektorundan toplanan vergilərin həcmi, o cümlədən idxalın azaldığı halda gömrükdən daxilolmalar proqnozla müqayisədə ilin birinci yarısında artıq olub. Bunun iqtisadi cəhətdən izah edilməsi çox çətin məsələdir.

Buna baxmayaraq, hətta ilin sonuna büdcənin gəlirlər hissəsinin icrasında problem yaranırdı. Bu da xərclərin maliyyələşdirilməsində imkanları məhdudlaşdırırdı. Ona görə də Neft Fondunun vəsaitlərinin azalmasına baxmayaraq, hökumət məcburən Fonddan büdcəyə transferti artırdı. Proqnozda da neftin bir barelinin qiymət 55 dollardan 35 dollara endirildi.

Budəfəki büdcə əvvəlki illə müqayisədə dəyişikliklərin çoxsaylı olması ilə fərqlənir. Büdcənin strukturunda heç bir halda bu qədər fərqli istiqamətdə dəyişikliklər edilməmişdi. Eyni zamanda böhran dövründə büdcənin artırılması məsələsi də ilk təcrübələrdən biridir. Adətən bu kimi hallarda həm dünya təcrübəsində, həm Azərbaycanda problem yarananda büdcənin xərclərinin də optimallaşdırılması, konsalidasiya siyasəti, sekresiyaların tətbiq edilməsi daha çox müşahidə olunurdu. Bu dəfə bu, mümkün olmadı.

Çünki bir tərəfdən gəlirlərin azalması müşahidə olunursa, digər tərəfdən iqtisadi resessiyanın qarşısını almaq məqsədilə həm dəstək proqramları həyata keçirilməli, həm də məcmu tələbin özünü hansısa formada müəyyən bir səviyyədə saxlanmasına ehtiyac var idi. Yəni fiskal ekspansiya burada bir zərurətdir.

Dünyanın bir çox ölkələrində bənzər qərarlar verildi. Məlumdur ki, müxtəlif formada vəsaitlərin bazara daxil olması və istehlakın hərəkətlənməsi, dolayısilə istehsala da bu istiqamətdə müəyyən qədər inkişaf imkanı yaradılması məsələsi var idi. Budəfəki büdcə dəyişikliyində Azərbaycanda böhran şəraitində xərclərin artırılması müşahidə olundu.

Digər bir məqam isə büdcədəki dəyişiklikdə sosial yönlü xərclərin həcmində əhəmiyyətli artım dinamikasının müşahidə olunmasıdır. Bu da tez-tez müşahidə olunan situasiyalardandeyil. Amma pandemiya şəraitində müxtəlif proqramlar icra olunur və bu proqramlarda ailə təsərrüfatlarına, eləcə də biznesə yardımların edilməsi, səhiyyə xərcləri və sair bu kimi məqamları əhatə edir. Bu istiqamətdə də əlavə vəsaitlərin ayrılması büdcənin strukturunda sosial yükün həcminin proqnozla müqayisədə təxminən 5 faiz bənd çoxalmasına gətirib çıxardıb. Bu da əvvəlki dövrlərdə müqayisədə fərqli situasiyalardan biri hesab oluna bilər.

Diqqət çəkən digər məqamlardan biri ondan ibarətdir ki, əslində sığorta bazasının azalmalı olduğu şərtlər daxilində sosial sığorta gəlirlərinin artımı müşahidə olunur. Yaxud hansısa formada pensiya fonduna ayırmaların həcmində 240 milyon manata yaxın azaldılmalara gedilməsi məsələsi baş verdi.

Burada əsasən 2020-ci ildə həyata keçirilməsi planlaşdırılan və proqnazlaşdırılan sosial paketlərin təxirə salınması, administrativ təzyiqlər yolu ilə hansısa formada əmək müqavilələrinə xitam verilməsi kimi halların qarşısını alınması, müəyyən qədər büdcəyə əlavə daxilolmaların təmin edilməsi meyliliyi hiss olunmaqdadır. Bunu dövlət sanki hətta proqnozlaşdırır, yəni bu günə qədər baş verən dinamika fərqli idi.

Belə ki, əmək bazarında situasiyanın ziddinə olaraq əmək müqavilələrinin, muzdla çalışanların sayı artırdı. Pandemiya dövründə bu istiqamətdə 2 faiz artım qeydə alınmışdı. Bunun da süni səbəbləri vardı. Xüsusilə hərəkətlə bağlı icazənin təmin edilməsi məqsədilə bir sıra insanlar 250 manatlıq süni müqavilələr bağlayırdılar. Görünən odur ki, məhz bu kimi davranışları artıq hökumət öz proqnozlarına da daxil etməyə başlayıb. Maraqlı situasiyalardan biri də budur.

- Qeyd etdiyiniz kimi, büdcədə neft gəlirlərinin payı yenidən artırıldı. Ötən gün Maliyyə naziri Samir Şərifov bildirdi ki, cari ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirləri azalacaq. Belə olan halda Fond büdcə öhdəliklərinə əməl edə biləcəkmi?

- Fondun büdcə öhdəliklərinə əməl etməsi ilə bağlı hər hansı problem yoxdur. Çünki Fondun 45 milyard dollar ətrafında ehtiyatları var. Bu vəsaitlərin təxminən 6-10 milyard dolları fərqli müddətlərdə likvidləşdirilə bilən aktivlər olur. Yəni bu aktivlərin manata çevrilməsi və büdcəyə təklif edilməsi məsələsi də var. İndiki halda bu, mümkündür.

Neft Fondu bir hovuzdur, 2020-ci ildə nefti neçəyə satmasından asılı olmayaraq Fond üçün proqnozlaşdırılan 11,3 milyard manatı büdcəyə köçürmə imkanı var. Çünki bu, təxminən 6,5 milyard dollar edir və bunu da likvidləşdirib öz yığımlarının bir qismini bazara təklif etməklə bu öhdəliyi yerinə yetirə bilər. Amma etiraf etmək lazımdır ki, Fondun gəlirlər tam dayanmayıb, həcmi azalsa da, davam edir.

Digər tərəfdən Neft Fondu transferltərilə valyuta bazarlarında manatın məzənnəsinin tənzimlənməsi siyasətində bir uzlaşma vardı. İlin ikinci yarısında Neft Fondunun öhdəliklərinin 850 milyon manat artırılması o deməkdir ki, orta hesabla ay ərzində 500 milyon ABŞ dolları dəyərində valyutanı bazara təklif edəcək. Yəni, bazara təxminən 3 milyard dollar təklif edəcək ki, bu da ümumi orta proqnoza görə, bazarda yarana biləcək təklifə uyğundur. Bu, həmçinin manatın məzənnəsinin sabitliyinin təmin edilməsi üçün məqamlardan biridir.

Faktiki olaraq büdcə haqqında qəbul edilmiş qanun 2019-cu ildə olunmuş düzəlişlərə uyğun deyil. Amma indiki şəraitdə həmin qanunun 2022-ci ilin yanvarın 1-nədək dayandırılması hökumətin müəyyən qədər manevr imkanlarını artırır.

Problem odur ki, Neft Fondu gəlirlərinə nə qədər çox xərcləyəcəksə, yığım imkanları məhdudlaşacaq, rezervlərdən istifadə olunacaq. Bu halda Neft Fondunun uzunmüddətli dövrdə iqtisadi risklərdə “yastıq” rolunu oynaması, vəsaitlərin gələcək nəsillərə qorunub saxlanması kimi daha strateji maraqlar təhlükə altına düşür.

- Büdcə dəyişiklikdən ən çox faydalanan və itirən hansı dövlət qurumları oldu?

- Məsələyə dövlət qurumları kimi baxsaq, dəyişiklikdən yaralananlar arasında səhiyyə xidməti üzrə dövlət siyasətini həyata keçirən qurumlarını adını çəkmək olar. Səhiyyə Nazirliyi, TƏBİB büdcə dəyişiklikdən daha çox yararlanan qurumlardır.

Bu istiqamətdə daha çox itirən qurum Təhsil Nazirliyidir. Yəni institutsional xərclər istiqamətləri üzə qiymətləndirmə aparsaq, təhsil sektoru və Təhsil Nazirliyi daha çox ixtisarların tətbiq edildiyi sahələrdən biri kimi görünür indiki halda.

- Pandemiya şəraitində təhsilin səviyyəsi ürəkaçan deyil, bununla belə elm və təhsil xərcləri azaldıldı...

- Yaranmış şəraitə uyğun olaraq elm və təhsil xərclərinin azalması gözləniləndir. Elm və təhsil xərcləri deyəndə çoxları düşünür ki, bu, ancaq beyinlərə, inkişafa, araşdırmaya, tədqiqata ayrılmış xərclərdir. Xeyir, bu xərclərin əhəmiyyətli hissəsi məhz infrastrukturun idarə olunmasına, hansısa maddi-texniki bazanın gücləndirilməsinə, qurğuların dəyişdirilməsinə və sair bu kimi istiqamətlərə yönəldilən vəsaitlərdir. Tədqiqatlara birbaşa yönəldilən vəsaitlər əslində çox az olur.

Əgər hərəkət məhdudlaşdırılsa, müəssisə işləmirsə, yəni karantin qaydalarına görə insanlar işə gedib-gəlmirsə, təbii ki, belə bir şəraitdə xərclərin müəyyən bir qisminə qənaət etmək mümkündür. O fikirlərlə razıyam ki, qənaət edilən vəsaitlər hansısa formada yenidən təhsil istiqamətinə yönəldilsin. Məsələn, bu gün ən çox müzakirə olunan məsələlərdən biri təhsil haqları ilə bağlı güzəştlərin edilməsidir. Qənaət edilən vəsaitlərin bu istiqamətlərə yönəldilməsi daha məqsədəuyğun olardı.

İl ərzində təhsil sektoruna, xüsusilə məktəbəqədər təhsil sahəsində uşaq bağçaları kimi müəssisələrdə ərzaq təminatı ilə bağlı əhəmiyyətli xərclər nəzərdə tutulur. Təxminən 6-7 aydır ki, bu müəssisələr işləmir, deməli, nəzərdə tutulan o xərclər kəsilməli, büdcəyə yenidən qaytarılmalı və daha zəruri istiqamətlərə yönəldilməlidir.

Azərbaycanda təhsilin keyfiyyəti nə pula, nə də ayrılan vəsaitə bağlıdır. Elm sahəsinə ayrılan vəsaitlərin həcminin artırılması ola bilsin ki, qiymətləndirmə üçün müəyyən əsaslandırma yaradır. Amma bu o demək deyil ki, təhsilin, yaxud elmi-tədqiqat institutlarının fəaliyyətinin keyfiyyətini artacaq. Bilirik ki, Azərbaycanda elm pandemiya ilə bağlı koronavirus sözünün tələffüzü və ya oxunuşu ilə bağlı mövqedən başqa ortaya bir şey qoymayıb. Nə tədqiqat, nə araşdırma aparılır, nə də innovativ həll yolları axtarılır.

Tək koronovirusdan söhbət getmir, bütün məsələlərdə vəziyyət belədir. Bu istiqamətdə vəsaitin artırılmasından əvvəl yanaşma, idarəetmə, elmlə istehsalın inteqrasiyası dəyişməlidir. Yeni institutsional strukturların formalaşması təmin ediləndən sonra bu istiqamətdə vəsaitlər artırıla bilər. İndiki halda vəsaitlər artırılsa belə, gözlənilən səviyyədə cəmiyyətə müsbət bir təsiri olmayacaq.

- Rəşad müəllim, Maliyyə naziri Samir Şərifov bildirmişdi ki, dövlət hazırda sərəncamında olan bütün ehtiyatlardan istifadə edir. Bu ehtiyatlardan istifadə sonda ölkənin xarici borc dinamikasına necə təsir edəcək?

- Xarici borclanma ilə bağlı hələlikdə ciddi risklər yoxdur. İndiki halda belə, hökumət 2019-cu ildə qəbul edilmiş xarici borclanma ilə bağlı strateji dövlət proqramlarının öhdəliklərinin müəyyən qədər qorunub saxlanmasına çalışır. Hökumətin qorxduğu, eyni zamanda daha çox piarını təşkil etdiyi ən mühüm məsələlərdən biri də xarici borc yükü ilə bağlıdır. Sonuncu dəfə Asiya İnkişaf Bankının (ADB) 750 milyon dollarlıq tranşını Azərbaycan hökuməti almaqdan imtina etmişdi.

Maliyyə nazirinin də qeyd etdiyi kimi, indiki şəraitdə daha çox daxili borclanmaya üstünlük veriləcək. Xarici borclanma üçün Beynəlxalq Valyuta Fonduna müraciətin olmayıb. Hələlikdə neftin qiyməti də müəyyən qədər stabilləşib. Əgər borc üçün müraciət edilərsə, bu, valyuta bazarlarında tarazlığın təmin edilməsi məqsədi ilə olardı. Bu istiqamətdə də risklər azalıb. Maliyyə naziri bütün resurslar deyəndə, büdcənin strukturunda xərc istiqamətlərinin dəyişdirilməsi yolu ilə prosesin idarə edilməsini diqqətə çatdırmaq istəyib. Ehtiyatlardan da biri məhz bunlardır.

Ümumiyyətlə, büdcənin xərc istiqamətləri az əhəmiyyətli xərclərdir. Dövlət büdcəsi təsdiq ediləndə sosial xərclər cəmi 39 faiz idi. İndiki şərtlər daxilində həmin xərc istiqamətlərinin yönləndirlməsi və yerinin dəyişidilməsi zamanı da ehtiyatlardan istifadə hesab olunur.

Dəstək proqramlarının maliyyələşdirilməsində Sosial Müdafiə Fondunun ötən ildən qalan 200 milyon manatlıq qalığı da prosesə cəlb edildi. Xarici borclanma ilə bağlı hələlik ciddi hərəkətlilik müşahidə edilmir.

- Büdcə dəyişikliyi pandemiyanın təsirlərini minimuma endirə biləcəkmi?

- Pandemiyanın təsirlərini minimuma endirmək istiqamətində ciddi addımlar atılmır. Hələlik ciddi dəstək paketləri də açıqlanmır. Büdcə dəyişikliyi indiki halda sadəcə gəlirlərin və xərclərin qanunauyğunluğunu təmin edilməsi və qismən də olsa, yeni çağırışlara uyğunlaşdırılması istiqamətindədir.

Pandemiyanın təsirlərini minimuma endirmək tək büdcədən asıl olmamalıdır. Bütün qurumların koordinasiya olunmuş fəaliyyəti nəticəsində, hətta Operativ Qərargahın iqtisadi hərəkətlə bağlı qəbul etdiyi qərarların belə, uzlaşdırıldığı bir yanaşma şəklində ortaya çıxmalıdır. İndiki halda bu, Azərbaycanda müşahidə olunmur.

Hazırda əhalinin sağlamlığı istiqamətində olan yanaşma və qiymətləndirmələr daha çox önə çıxır, nəinki iqtisadi məsələlər. Bu baxımdan zərərin miqyasının minimumlaşdırılması çox çətin bir prosesdir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər