“1300-dən çox vətəndaşın 62 milyon manat əmanətinin qaytarılmasına başlanılacaq”.
Teleqraf.com xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.
İqtisadçı bildirib ki, Konstitusiya Məhkəməsi blok olunmuş əmanətlərlə bağlı qərarını elan edib:
“Qərara əsasan, təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir. Təshih tədbiri bəzi bankların əmanət qəbulunun qadağan edilməsi ilə bağlı qərarın; nəzərdə tutur. Yəni müflis olan banklarda əmanət qəbulu qadağasından sonra götürülən depozitlər qorunan hesab olunur.
Qeyd edək ki, "NBC Bank", "AG Bank" və "AtaBank" qadağa olsa da, əhalidən əmanət qəbul ediblər və həmin banklar müflis elan olunduqdan sonra o pullar blok edilmişdi. Bu o deməkdir ki, Konstitusiya Məhkəməsi bizim təklif etdiyimiz kimi, vətəndaşlarımızın xeyirinə qərar qəbul edib. Söhbət 1300-dən çox vətəndaşımızın 62 milyon manat əmanətinin qaytarılmasından gedir”.
Ekspertin qənaətincə, əmanət müqavilələrinin miqrasiya olunduğu tarix əmanət müqaviləsinin bağlanma vaxtı hesab edilə bilməz:
“Qərarda eyni zamanda qeyd olunur ki, bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və ilkin -əsas müqavilə kimi qəbul olunmalıdır. Bu, müflis elan olunan “AtaBank”la bağlı məsələdir. Belə ki, bankın bəzi filialı bağlanandan sonra depozitlər digər filiala miqrasiya edilmişdi. Bu məsələyə də məhkəmə aydınlıq gətirdi.
Güman olunur ki, bu qərardan sonra yaxın günlərdə əmanətlərin geri qaytarılması ilə bağlı zaman müəyyənləşəcək və qısa vaxtda əmanətlərin qaytarılmasına başlanılacaq. Bu haqda Əmanətlərin Sığortalanması Fondu tərəfindən vətəndaşları məlumatlandırması gözlənilir”.