13 Avqust 2020 14:42
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə lirəsi ucuzlaşmaqda davam edir. 2020-ci ildə ABŞ dollarına olan məzənnəsi 5,95-dən 7,3-ə düşüb. Ölkənin tədiyyə balansına baxdıqda bunun səbəblərini görmək olar. Əsas səbəb xarici ticarətdə idxalın ixracı üstələməsi, investisiyaların ölkədən çıxmasıdır”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev deyib.

İqtisadçı qeyd edib ki, cari hesablar balansının kəsiri artaraq 3,8 milyard dollar olub:

“Halbuki ötən ilin eyni dövründə 1 milyard dollarlıq profisit qeydə alınmışdı. Buna səbəb ticarət balansında kəsirin böyüməsidir. 2019-cu ilin yanvar-may aylarında kəsir 4,6 milyard dollar olduğu halda, 2020-ci ildə 16,2 milyard dollara yüksəlib.

Birbaşa xarici investisiyalarda müsbət saldo (118 milyon dollar) olsa da, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 milyard dollardan 2,7 milyard dollara qədər azalıb. Portfel investisiyalara gəldikdə isə ölkədən çıxan investisiyanın həcmi 11,3 milyard dollar olub. 2019-cu ilin ilk 5 ayında əksinə ölkəyə gələn portfel investisiyanın həcmi 5,9 milyard dollar olub”.

Samir Əliyev onu da qeyd edib ki, ilin 5 ayında ölkənin rəsmi valyuta ehtiyatları azalıb:

“May ayında rəsmi ehtiyatlar 2,7 milyard dollar artsa da, yanvar-may ayı üzrə ümumilikdə 22,4 milyard dollar azalıb. 2019-cu ildə 3 milyard dollar artırmağa müvəffəq olmuşdu. Məlumat üçün bildirim ki, ehtiyatlar mart ayında 16,6 milyard dollar, apreldə 8,6 milyard dollar azalmışdı”.


Müəllif: Yeganə Oqtayqızı