“Sığorta yığımları üzrə statistikaya baxanda pandemiya dövründə bazarın vəziyyəti heç də pis görünmür”.
Bunu Teleqraf.com-a sığorta sektoru üzrə ekspert Xəyal Məmmədxanlı deyib.
Ekspert sığorta yığımlarının hətta ötən ilkindən bir qədər artıq olduğunu da diqqətə çatdırıb:
“Bütün sahələrdə olan durğunluq sığorta sektorunda rəqəm olaraq öz əksini tapmır. Doğrudur, bəzi ekspertlərin rəqəmlərdə yanlışlıq olduğu və yaxud da rəqəmlərin şişirdildiyi yönündə fikirləri var. Bu haqda heç nə deyə bilmərəm, çünki rəqəmlərin şişirdilməsi mümkün deyil. Pandemiya dövründə ödənişlərin artması maraq doğuran məqamdır. Amma bu, onu göstərir ki, bazar davam edir. Bazarda insanların ən çox istifadə etdiyi sığorta növü icbari sığortadır. İnsanlar şəxsi avtomobillərindən istifadə etdiklərinə görə, istər istəməz bu sığorta növünü əldə edirlər. Eyni zamanda şirkətlər də icbari sığorta növünə müraciət edirlər. Əhalinin bütün sahələrdə olduğu kimi, sığorta sahəsində də iqtisadi aktivliyi kifayət qədər aşağı düşüb. Bu sektor pandemiyanın təsirini daha çox may ayından hiss etməyə başlayıb. Çünki mart ayında hər şey normal idi, aprel ayında düşündük ki, bu, qısamüddətli bir problemdir və tez zamanda normal həyatımıza geri dönəcəyik. Amma may-iyun aylarında pandemiyanın təsirləri davam etdi, vəziyyət bir az daha çətinləşdi. Çox güman ki, iyul ayı üçün də nəticə aşağı olacaq. Ümumi götürdükdə isə sığorta bazarının vəziyyəti o qədər də pis deyil. Yəni sabit bir şəkildə davam edir. Böyük artım və ciddi inkişaf görməsək də, ən azından bazar sağ qalmağa davam edir”.
Xəyal Məmmədxanlı pandemiyanın birbaşa təsiri ilə azalan sektorların olduğuna da diqqət çəkib:
“Digər sığorta növlərinin ayrı-ayrı strukturuna baxanda birmənalı şəkildə görmək olur ki, əhalinin sığorta sahəsindəki aktivliyi artmayıb, davam edən köhnə müqavilələrdir. Köhnə şirkətlərdə istər korporativ, istərsə də fərdi sığortalarla bağlı vəziyyət həmişəki qaydada davam edir.
Amma təbii ki, pandemiyanın birbaşa təsiri ilə azalan sektorlar var. Məsələn, səyahət sığortaları kəskin şəkildə aşağı düşüb. Çünki gediş-gəliş yoxdur, bunun da fonunda bu sığorta növündə azalmalar var. O cümlədən də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə azalma müşahidə olunur. Məlumdur ki, ölkəyə daxil olan xarici nəqliyyat vasitələrinin sığortası, o cümlədən ölkəyə gətirilən yeni avtomobillərin sığortası da çox ciddi rol oynayırdı. Pandemiya dövründə bunların hər ikisi də dayandığına görə, icbari sığortalarda azalma nəzərə çarpır”.
Ekspertin müşahidələrinə görə, cari ilin əvvəlində sığorta bazarı çox yaxşı sürət götürüb:
“Hətta yanvar ayının sığorta yığımları 90 milyon manata yaxınlaşırdı. Bu, statistika olaraq bazarda olmayan bir rəqəm idi. Amma həm ötən ilə, həm də bu ilə baxanda bazarın aylıq yığımları təxminən 40-50 milyon manat civarındadır, yəni ciddi fərq etmir. Bu, artıq sabit biznesdir. Neçə illərdir ki, sığorta bazarı təxminən 600-700 milyon manat ətrafında bir rəqəmdə qalıb. Yəni proqnozlaşdırsaq da, hələ ki, 1 milyard manatı görə bilmirik. Amma ən azından azalma yoxdur, sığorta şirkətləri var olmağa davam edir.
Eyni zamanda ilin sonuna qədər sığorta şirkətlərinin sayında azalma olacağını da ehtimal edirəm. Ötən müddətdə "Standard Insurance" ASC sığorta şirkəti bazarı tərk etdi. “Rəvan Sığorta” ASC sığorta fəaliyyəti ilə əlaqədar lisenziyasını ləğv edilməsi üçün Azərbaycan Mərkəzi Bankına müraciət edib. Daha bir neçə sığorta şirkətinin problemləri var. Ola bilsin ki, ilin sonuna qədər sığorta şirkətlərinin sayında azalma olsun.
Mütəxəssis bildirib ki, bazar öz stabilliyini qoruyur, dinamika yoxdur:
"Çünki insanlar öz biznesini və məsuliyyətlərini sığortalamırlar. Söhbət yalnız icbari və şirkətlərin etdikləri ənənəvi sığortadan gedir. Bazarın içərisində xüsusi çəkiyə malik olan həyatın yaşam sığortasıdır. Şirkətlərdə çalışan əksər əməkdaş öz əməkhaqqılarını ora ayırırlar ki, müəyyən vergi güzəştlərindən istifadə etsinlər və yaxud da qanuni vergidən yayınsınlar. Məlumdur ki, həyatın yaşam sığortasına ayrılan pullardan vergi ödənilmir, o cümlədən DSMF də güzəştli həyata keçirilir. Ona görə bu sahədə yığımlar davam edir və bu, bazarın böyük bir faizini təşkil edir”.
Ekspert ilin ikinci yarısında bazarda ciddi inqilab sayıla biləcək inkişafın olmayacağını proqnozlaşdırır:
“Sentyabr ayı yaxınlaşır, hələ də pandemiya davam edir. Vəziyyətin necə yekunlaşacağı bilinmir. Xüsusi bir qanun və yaxud da addım yoxdur ki, konkret proqnoz vermək mümkün olsun.
Bu il əsasən iki sığorta növünə ümidimiz var idi. Hansılar ki, onların hesabına sığorta yığımlarında artım baş verə bilərdi. Bunların biri əmlakın icbari sığortası idi. Məlumdur ki, daşınmaz əmlakın icbari sığortası “İcbari Sığortalar haqqında” qanuna əsasən, 2011-ci ildən ölkədə həyata keçirilməsi nəzərdə tutulurdu. 2019-cu ilin sonundan etibarən bu sahəyə nəzarətin güclənəcəyi və cərimələrin tətbiq olunacağı deyilirdi. Bu xəbərlərə görə sığortaların sayı artmışdı. Daha sonra cərimə mexanizminin olmadığı bəyan olundu. Bu cür xəbərlər yenə də daşınmaz əmlakın icbari sığortasındakı aktivliyini əvvəlki vəziyyətinə qaytardı. Ötən ilin sonu və bu ilin yanvar-fevral aylarındakı artımlar sırf daşınmaz əmlakın icbari sığortasının payına düşür.
Eyni zamanda aqrar sığorta ilə bağlı ciddi inkişaf gözlənilirdi. Amma görünən odur ki, çox cüzi artımlardan söhbət gedir. Yəni bu artımlar bazarın ümumi rəqəmlərində öz əksini tapmayacaq. Ona görə də düşünürəm ki, bu sığorta növünün ciddi təkanverici və yaxud da lokomotiv olacağı çətin görünür. Böyük ehtimalla ilin sonuna 5-10 milyon manat aşağı yuxarı fərqlə ötən ilki göstəricilərə yaxın bir rəqəm görəcəyik”.