14 Avqust 2020 18:40
1 399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qızıl iyun ayından sonra ilk dəfə həftəlik olaraq dəyər itirməkdədir. Bu gün qızılın bir unsiyası 0,4 faiz də ucuzlaşaraq 1 946 dollar təşkil edib. Qramı isə 62.4714 dollara satılıb. Qeyd edək ki, əlvan metallar bazarlarında qızılın bir unsiya üzrə qiyməti ötən həftə 2 035 dollar olub.

İqtisadçı-ekspert Pərviz Heydərov Teleqraf.com-a bildirib ki, qızılın qiymətinin düşməsi qlobal iqtisadiyyatda gedən proseslərlə əlaqəlidir:

“Tarixən qızılın qiymətinin dəyişmə dinamikası qlobal iqtisadiyyatda baş verən hansısa təzadlar fonunda əlvan metalın qiymətində özünü göstərib. İl ərzində dünya iqtisadiyyatında nələrin baş verdiyi, hansı tendensiyaların cərəyan etdiyi hamıya məlumdur. Dünya birjalarında xüsusən də strateji məhsulların (neft, qiymətli kağızlar, səhmlər) satış qiymətləri aşağı düşən kimi qızılın qiyməti yüksəlir. Çünki dünyanın aparıcı valyutaların məzənnəsi, qiymətli kağızların dəyəri aşağı düşür, neft ucuzlaşır. Belə olan halda dünyanın aparıcı investorları kapitalını qızıla yatırırlar. Ümumiyyətlə, dünya iqtisadiyyatını “qara buludlar” alanda həmişə qızılın qiymətində yüksək dinamika müşahidə olunub”.

Ekspert deyir ki, dünya iqtisadiyyatındakı qeyri-müəyyənliklər qızılın qiymətinin yüksəlməsinə təkan verir:

“Hətta bu tendensiya dünyanın inkişaf etmiş ölkələri üzrə valyuta ehtiyatları baxımından da özünü göstərir. Məsələn, Çin, Yaponiya kimi sərbəst dönərli valyutaya sahib ölkələr məzənnəni bilərəkdən aşağı salmaqla dolların kursunu xeyli dərəcədə aşağı götürürdü. Bütün bunlar investorlarda qeyri-müəyyənlik yaradırdı. Bazarlarda vəziyyət tam aydınlaşana qədər investorlar məcburən vəsaitlərini qızıla yatırırdılar”.

Pərviz Heydərov dünya birjalarında qızılın ucuzlaşmasının digər səbəbini bəzi ölkələrdə karantin rejiminin yumşaldılması ilə əlaqələndirib:

“Artıq bir çox ölkədə karantin rejimi aradan qaldırılıb. Payıza doğru pos-pandemaya dövrünün yetişəcəyinə dair ümidlər çoxalıb. Neftin qiyməti stabilləşib, dünya iqtisadiyyatında aparıcı sahələrin fəaliyyəti bərpa olunur. Şirkətlər yavaş-yavaş əvvəlki iş rejimlərinə qayıdırlar. Beləliklə, dünyada pandemiyadan əvvəlki vəziyyətə qayıtma meylləri çoxalıb. Amma bu, hələ dəqiq deyil.

Hesab edirəm ki, qızılın ucuzlaşması müvəqqəti tendensiyadır. Bu, dünya iqtisadiyyatı pandemiya bəlasından tam sovuşub çıxdığı vaxt davamlı hal alacaq. Bunun isə ilin sonuna qədər baş verəcəyini proqnozlaşdırmaq çətindir. Çünki yay başa çatır, mövsüm payıza doğru gedir. Bəzi ölkələr pandemiyanın ikinci dalğasının başlayacağına dair proqnozlar verir. Bununla yanaşı, pandemiya əleyhinə peyvəndlərin hazırlanması ilə pozitiv xəbərlər də gəlir. Bu da pandemiya tunelindən çıxmaq yönündə ehtimalları artırır. Bu xəbərlər investorlarda öz fəaliyyətini əvvəlki rejimə qaytarmağa maraq yaradır. Buna görə də qızıla olan əvvəlki tələbat ortada yoxdur”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər