Dünyanın ən böyük 12 neft şirkəti 2020-ci ilin birinci rübündə ümumilikdə 80 milyard dollar zərər görüb.
Teleqraf.com xəbər verir ki, epidemiya səbəbiylə iqtisadi fəallığın və yanacaq satışının azalması dünyada neft istehlakını əhəmiyyətli dərəcədə azaldıb.
Qlobal neftə olan tələbatın azalması, qiymətlərin ən aşağı səviyyəyə enməsinə səbəb olub. Brent markalı xam neftin barel qiyməti, ötən ilin ilk yarısında orta hesabla 66 dollarkən, bu ilin eyni dövründə 40% azalma ilə orta hesabla 39,5 dollara geriləyib və şirkətlərin balanslarına mənfi təsir edib.
12 neft şirkətinin balans hesabatlarına görə, Amerikanın “ExxonMobil”, “Chevron”, “ConocoPhillips”, “Halliburton”, “Schlumberger”, “Baker Hughes”, Hollandiyanın “Dutch Royal Dutch Shell”, İngiltərənin “British Petrol” (BP), Fransanın “Total”, İtaliyanın “Eni”, Rusiyanın “Rosneft” və Norveçin “Equinor” şirkətlərinin ümumi itkiləri bu ilin ilk yarısında 80 milyard dollar olub. Bu şirkətlər keçən ilin ilk 6 ayında 46,5 milyard dollar xalis mənfəət əldə etmişdilər.
Eyni dövrdə bu şirkətlərin ümumi gəliri 240 milyard dollar (37.8 faiz) azalaraq 395 milyard dollara düşüb. Şirkətlər keçən ilin yanvar-iyun dövründə cəmi 635 milyard dollar gəlir əldə etmişdilər.
İlin birinci yarısında neft nəhəngləri arasında 21,2 milyard dollarla ən böyük zərər edən İngiltərənin “BP” şirkəti olub.
Bu dövrdə sözügedən şirkətlər arasında gəliri ən çox azalan “Royal Dutch Shell” olub. Şirkətin gəliri yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 81,8 milyard dollar (46.9 faiz) azalaraq 92.5 milyard dollara enib.
Eyni dövrdə gəliri ən çox azalan digər şirkətlər 43,9 milyard dollarla (33,1 faiz) ABŞ-ın “ExxonMobil” və 30.3 milyard dollarla (33 faiz) Fransanın “Total” olub.
ABŞ Enerji İnformasiya Administrasiyasından verilən məlumata görə, 2020-ci ilin birinci rübündə 50 dollar, ikinci rübdə 29 dollar olan brent markalı neftin barel qiyməti üçüncü rübdə 43.1 dollar, son rübdə 43.5 dollar və bütün il ərzində 41.4 dollar olacağı gözlənilir. Bu rəqəmin gələn il orta hesabla 49.5 dollara qədər artacağı proqnozlaşdırılır.