“Qanunvericilikdə erkən pensiyaya çıxmaqla bağlı qadağa yoxdur”.
Bunu Teleqraf.com-a iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, Azərbaycanda təqaüdə çıxmaq istəyənlərin sayı azdır:
“Vətəndaşın sağlamlıq, ailə vəziyyəti, himayəsində kiməsə baxması və yaxud da kiminsə onu himayə etməsi kimi kifayət qədər qanunda nəzərdə tutulan müddəalar var ki, erkən pensiyaya çıxmağı qadağan edilmir. Sadəcə olaraq başqa dövlətlərdən fərqli olaraq Azərbaycanda təqaüdə çıxmaq istəyənlərin sayı azdır. Məsələn, başqa ölkələrdə insanlar təqaüd yaşını artıranda buna çox əsəbi yanaşırlar, hətta etiraz edirlər. Azərbaycanda bir qədər tərsinədir, əhali çalışır ki, təqaüdə daha gec çıxsın. Nə qədər çox işləyirlərsə, bu, onların qazanc imkanını artırır. Yəni maaş təqaüddən daha üstün sayılır. Bütün bunları nəzərə alsaq, ölkəmizdə bu məsələyə yanaşmanın fərqli olduğunu görmək olur”.
İqtisadçı hesab edir ki, özəl təqaüd fondlarının yaranması və fərdi müqavilələrə keçidlə vəziyyət dəyişə bilər:
“Qanunda özəl təqaüd fondlarının yaranmasına da qadağa yoxdur. Amma təəssüf ki, praktikada tətbiq olunmur. Özəl təqaüd fondları yaradılsa, dövlət nəzarəti və yaxud zəmanəti altında fəaliyyət göstərsə, vətəndaşlarda seçim imkanları yaranacaq. Həmin təqaüd fondları insanlara 10 ildən 30 ilə qədər yığım seçimləri təklif edə bilərlər. O zaman vətəndaş, hətta 50 yaşında belə, təqaüdə çıxma imkanları qazana bilər. Yəni bu, özəl fondlarla vətəndaş arasında fərdi müqavilələrə tənzimlənəcək”.
Natiq Cəfərli deyir ki, qanunvericilikdə özəl təqaüd fondlarının yaranmasına əngəl olmasa da, qanunvericiliyin dolayı təsirləri var:
“Məsələn, özəl sektorda əsasən VÖEN-lə çalışanlarda minimum əməkhaqqına fokuslanan və bunu əsas götürərək hesablanan Dövlət Sosial Müdafiə Fonduna ödənişlər var. Bu, doğru yanaşma deyil. Əgər özəl fondlar olsa, qanunvericiliyin bu maddəsi pozula bilər. Ona görə də, ilk növbədə təqaüd fonduna ödənişləri minimum əməkhaqqına bağlantısı qanunvericilik şəklində dəyişdirilməlidir. Son iki ildə dövlətin apardığı sosial siyasət nəticəsində minimum əməkhaqqı iki dəfə artırılaraq 250 manata çatdırılıb. Əvvəl sosial müdafiə ödənişlərini daha az edən özəl sektor çalışanları məcburən yeni minimum əməkhaqqına əsasən hesablayıb ödənişləri edirlər ki, bu da narazılığa səbəb olurdu. Yeri gəlmişkən, onların sayı yarım milyondan çoxdur. Qanunun bu hissəsi dəyişdirilsə və özəl fondların fəaliyyətinə icazə verilsə, fərdi müqavilələr əsasında vətəndaşla təqaüd fondları arasında bağ qurular. Bu zaman erkən təqaüdə çıxmaq məsələsi qanunvericilik çərçivəsində öz həllini tapa bilər”.
Analitikin fikrincə, dövlət öz çiynində olan sosial yükün bir hissəsini özəl sektorla paylaşmalıdır:
“Elə insanlar olacaq ki, ay ərzində daha çox ödəniş etmək istəyəcəklər ki, daha çox təqaüd alsınlar. Bəzən də ay ərzində ən aşağı həddi ödəyəcək insanlar tapılacaq ki, onlar da təqaüd yaşına çatanda daha az pensiya alacaq. Yəni bu seçim vətəndaşa verilməlidir və dövlət də öz çiynində olan sosial yükün bir hissəsini özəl sektorla paylaşmağı bacarmalıdır. Bunun da nümunələrini Gürcüstanda, Rusiyada, Qazaxıstanda görmək olar. Demək olar ki, Avropa, Amerika çoxdan bu sistemə keçib, pos-sovet məkanında qonşu ölkələrdə bənzər sistemlər fəaliyyət göstərir. Bu da həm dövlətin sosial yükünü azaldır, həm də vətəndaşlara seçim imkanı yaradır”.