Azərbaycanda şəxsi istifadə üçün xaricdən gətirilən məhsula tətbiq edilən güzəşt limiti kəskin azaldılır, güzəştdən istifadə isə ayda bir dəfəyə endirilir. Qərar Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na edilmiş dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, Azərbaycanın gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar və beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə biləcək.
Vahid Əhmədov: “Bizim də öz arqumentimiz var”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Teleqraf.com-a bildirib ki, qərarla əlaqədar parlamentdə müzakirələr gedir: “Bununla bağlı Gömrük Komitəsinin öz arqumentləri var. Komitə hesab edir ki, şəxsi istifadə üçün xaricdən gətirilən məhsullar üzrə kifayət qədər vergidən yayınma halı var. Aldığımız məlumata görə, vergisini ödəyib Azərbaycan mal gətirən insanların da şikayətləri var. Onlar bildirirlər ki, vergi ödəyirlər. Amma vergi ödəməyənlər də var. Vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın qarşısını almaq məqsədilə belə qərar verilib. Amma burada məsələlər var ki, müzakirə obyektidir. Onların arqumentlərində müəyyən həqiqətlər var. Amma bizim də öz arqumentimiz var”.
Deputat öz arqumetlərindən danışmaq istəməyib.
Vahid Əhmədov onu da qeyd edib ki, bu məsələlər Milli Məclisin deyil, Nazirlər Kabinetinin qərarı ilə qəbul olunur:
“Müəyyən məsələlərdə razılaşma var, amma bəzi məsələlər var ki, necə həll olunacağı hələ bilinmir. Müzakirələrdən sonra ətraflı məlumat vermək mümkün olacaq. Hələlik qanun qəbul olunmayıb. Qərarın ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalentindən artıq olmayan mallar və beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilməsi və ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalentindən artıq olmayan mallar güzəştli qaydada gömrük sərhədindən keçirilməsi ilə bağlı hissəsində elə bir ciddi problem yoxdur. Çünki dünya praktikasında da bu rəqəmlər saxlanılır. Burada problem güzəştdən ayda bir dəfə istifadəyə icazə verilməsi ola bilər. Həmçinin gömrük dəyəri 300 dollardan yuxarı gətirilən mallara verginin niyə yüksək olması kimi məsələlər problem hesab oluna bilər”.
İqtisadçı-ekspert Rəşad Həsənov isə Teleqraf.com-a bildirib ki, Nazirlər Kabinetinin qəbul etdiyi qərarın əsas məqsədi məhz fiskal gəlir mənbəyinin bazasının genişləndirilməsidir: “Müvafiq güzəştlər gömrük keçid məntəqələrindən keçirilən məhsulların əhəmiyyətli bir qismini rüsuma cəlb edilməsi imkanlarını məhdudlaşdırır. Pandemiya dövründə alıcılıq gücünün azalması fonunda idxalın miqyası azalıb. Nəticədə gömrükdən dövlət büdcəsinə daxilolma imkanları məhdudlaşır və gömrük qurumları büdcə qarşısında öhdəliyini yerinə yetirməkdə çətinliklə üzləşəcək. Təəssüf ki, Azərbaycanda gömrük sistemi fiskal gəlir mənbəyi hesab olunur, nəinki tənzimləmə institutu. Çünki dövlət büdcəsinin gəlirlərinin 5 manatdan 1-i gömrükdən daxilolmalar hesabına formalaşır. Müvafiq qərarı qəbul etməklə bu istiqamətdə rüsum bazasını əhəmiyyətli səviyyədə genişləndirəcəklər.
İkinci səbəb Dövlət Gömrük Komitəsinin öz işini daha da asanlaşdırması cəhdidir. Hansı ki maddi-texniki bazanın, kadr heyətinin genişləndirilməsi yolu ilə həll olunmalı məsələləri Komitə son dövrlərdə aktivliyin aşağı salınması, müraciətlərin sayının azalması yolu ilə tənzimləməyə çalışır. Çünki bu qurumun fəaliyyətində davamlı olaraq nöqsanlar ortaya çıxır, keyfiyyətsizlik, növbələrin çox olması və sair. Gömrük Komitəsi də çalışır ki, müvafiq problemləri məhz aktivliyin aşağı salınması yolu ilə həll etmiş olsun”.
Analitik hesab edir ki, qərarda şirkətlərin marağının müdafiə edilməsi yönündə qeyri-rəsmi formada məqsədlər də ola bilər:
“Xüsusilə elektrotexnika bazarında insanlar öz tələbatının əhəmiyyətli hissəsini telefonlar, planşetlər, video və ya fotokameralar kimi elektroavadanlıqları fərdi şəkildə sifariş verməklə yerinə yetirirdi. Bu da təbii ki, müəyyən maraq qruplarının gəlirlərinin azalmasına və yaxud da bazarda mövqeyinin sarsılmasına gətirib çıxarır. Ola bilsin ki, maraqlardan biri də məhz budur”.
İqtisadçı sadalanan məqamların qarşısını ala biləcək başqa mexanizmlərin olduğunu da diqqət çəkib: “İstənilən halda bu gün dövlət büdcəsinin gəlirlərinin vətəndaşların üzərindən formalaşdırılması meylliyi aşağı olmalıdır. Çünki əhalinin də, biznesin də gəlirləri, maliyyə-təsərrüfat fəaliyyəti pandemiya nəticəsində əhəmiyyətli səviyyədə pisləşib. Gəlirlər sabit mənbələr, Neft Fondundan ayırmalar hesabına artırıla bilər. Hökumətin bu imkanları var və buna da getdi. Belə ki, 2020-ci ilin dövlət büdcəsinə dəyişikliklərdə Dövlət Neft Fondunun transferti 850 milyon manat artırıldı. Amma indiki halda xərclərin səmərəliliyinə və monitorinqin gücləndirilməsi yolu ilə xərclərin optimallaşdırılmasına çalışmaq lazımdır, nəinki gəlirlərin artırılmasına. Gəlirlərin artırılmasına cəhd edildiyi anda cəmiyyətin müxtəlif sosial qrupları üzərinə əlavə maliyyə yükü qoyulur. Təzadlı məqamlardan biridir ki, Azərbaycanda pandemiya dövründə vergi qurumları hesabına dövlət büdcəsinə daxilolmalar artıbdır. Cari ilin 6 aylıq nəticələrinə görə, büdcə daxilolmaları 350 milyon manat artmışdı. Bu o deməkdir ki, pandemiyadan onsuz da ciddi zərərlə üzləşmiş Azərbaycan sahibkarı faktiki olaraq həmin dövr ərzində 350 milyon manat artıq vəsait ödəyib. Buna görə də bənzər qərarlar qəbul edilərkən, iqtisadi və sosial konyunktura daha dəqiq təhlil olunmalıdır. Qəbul edilən qərarların sosial nəticələri dəqiq analiz edildikdən sonra buna uyğun qərarlar qəbul edilməlidir”.
Mütəxəssisin qənaətincə, yerli istehsal olmayan məhsullara yüksək rüsumun tətbiq edilməsi doğru yanaşma deyil: “Azərbaycanda idxal məhsulları üzrə həm vergi, həm gömrük yığımları, həm də görük rüsumları 36 faizdir. Vergi olaraq 18 faiz əlavə dəyər vergisi (ƏDV) tətbiq olunur. Azərbaycanda diferensial verginin tətbiqi yoxdur. Taxıl kimi strateji məhsullara 0 faiz ƏDV tətbiq olunur. Fərli məhsullar üzrə 15 faizə qədər fərqli ƏDV tətbiq olunur. Rüsum siyasətinin bazarda istehsalla və tələblə uyğunlaşdırılmasında ciddi nöqsanlar var. Yerli istehsal olmayan məhsullara yüksək rüsumun tətbiq edilməsi doğru yanaşma deyil. Bu pulların hamısı yenə də istehlakçıdan çıxır. Çünki məhsulu gətirən şəxslər həmin xərcləri malın maya dəyərinin üzərinə əlavə edir. İndiki halda hökumət həm idxal-ixrac şərtlərini, həm də daxili bazarda fəaliyyət mühitini liberallaşdırmalıdır. Məhz bunun nəticəsində qiymət optimallığını təmin edə, vətəndaşların gəlirlərinin daha səmərəli xərclənməsi imkanlarını formalaşdıra, ailə büdcələrinin xərclərini optimallaşdırmaq mümkün ola bilər. Bu da son nəticədə yüksək rifahın formalaşmasına xidmət göstərəcək”.
Rəşad Həsənov hesab edir ki, qanuna yenidən baxılması və limitlərin dəyişdirilməsi zəruridir: “Qanun 30 gün müddətində təxminən sentyabr ayının 20-də qüvvəyə minəcək. Qanun qüvvəyə minmədən müvafiq bəndlər ləğv edilməlidir. Pandemiyanın yaratdığı şərtlər, sərhəd bölgələrində yaşayan ailə təsərrüfatlarının gəlirlərində xırda ticarətin vacibliyini nəzərə alaraq, pos-pandemiya dövründə bu itkilərin bərpa olunması üçün daha əlverişli mühitin olması kimi faktorları qiymətləndirərək yeni düzəlişlər ümumiyyətlə, təxirə salınmalıdır. Bəyannamələrin elektron formada verilməsi saxlanıla bilər”.
Xatırladaq ki, qüvvədə olan Qaydalara əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə gətirilən ümumi gömrük dəyəri 1 500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar və beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 1 000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilərdi.