27 Avqust 2020 12:00
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İqtisadi və sosial faktorları nəzərə alsaq Azərbaycanda yenidən sərt karantinin tətbiqi arzuolunan deyil”.

Teleqraf.com xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

O bildirib ki, avqust ayı sona yaxınlaşdıqca ən çox soruşulan məsələlərdən biri də karantin rejiminin uzadılıb-uzadılmaması, eləcə də sentyabrdan xidmət və ictimai iaşə obyektlərinin fəaliyyəti ilə bağlıdır:

“Epidemioloji vəziyyətdən asılı olaraq növbəti qərarların veriləcəyi gözlənilsə də, iqtisadiyyatın mərhələli açılımının davam etdirilməsi daha doğru olar. Dünya Səhiyyə Təşkilatı da artıq karantin tədbirlərinin tətbiqini məqsədəuyğun hesab etmir. İqtisadi və sosial faktorları nəzərə alsaq Azərbaycanda yenidən sərt karantinin tətbiq edilməsi arzuolunan deyil. Əksinə, daha yaxşı olar ki, xidmət və ictimai iaşə sektorunda fəaliyyət miqyası genişlənsin.

Payız mövsümünün yaxınlaşdığını nəzərə alsaq yalnız açıq havada deyil, eyni zamanda qapalı məkanlarda da fəaliyyətə icazə verilməsi məqsədəuyğundur”.

İqtisadçı qeyd edib ki, rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 81.5 min vətəndaşımız çalışır:

“Deməli, ictimai iaşə və xidmət sektoru ilə bağlı olan iki sahədə 160 minə yaxın rəsmi işçi var. Nəzərə almaq lazımdır, ölkəmizdə kafe, restoran və xidmət obyektlərinin çalışdığı sektorda il ərzində 2 milyard manata yaxın dəyər yaradılır. Bu isə kifayət qədər ciddi rəqəmdir. Öndə qeyd etdiyimiz Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, pandemiya qarşı mübarizədə karantin qaydaları qədər standartların müəyyənləşməsi və onlara nəzarət və əməl edilməsi vacibdir”.

Vüqar Bayramov təklif edir ki, meyarları hazırlayıb tətbiq etməklə sentyabrın 15-dən etibarən qapalı məkanlarda yerləşən kafe və restoranlarda, oktyabrın 1-dən iri ticarət obyektlərində, noyabrın 1-dən isə yeni standartlarla şadlıq saraylarında fəaliyyətə icazə verilsin:

“Aydındır ki, bu təklifin reallaşması üçün həm meyarların gözlənilməsinə nəzarətin güclənməsi, həm də hər birimizin bu qaydalara əməl etməyimizə ehtiyac var. Yalnız bu halda, həm yoluxma sayını azaltmaq və lokallaşdırmaq, həm də mərhələli şəkildə bütün sferalarda iqtisadi fəaliyyəti bərpa etmək mümkündür”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər