14 Sentyabr 2020 12:52
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda emal müəssisələrinin üzümə tələbatı azalıb.

Teleqraf.com xəbər verir ki, bu, Kənd Təsərrüfatı Nazirliyində şərab və şərabçılıq məhsulları istehsalında mövcud duruma dair istehsalçı şirkətlərin nümayəndələrin iştirakı ilə keçirilən videokonfransda deyilib.

Görüş iştirakçıları Azərbaycanda şərab məhsullarına tələbatın azaldığını, bu səbəbdən şərab istehsalı müəssisələrinin anbarlarında ehtiyatların yarandğını qeyd ediblər. Bildirilib ki, şərab məhsullarının anbarlarda qalması müəssisələrə əvvəlki həcmdə məhsul almaq və şərab istehsal etməyə imkan vermir. Bu səbəbdən Azərbaycanda emal müəssisələri tərəfindən texniki və süfrə üzümlərinə tələbat zəifləyib.

İqtisadçı-ekspert Akif Nəsirli Teleqraf.com-a bildirib ki, Azərbaycanda şəraba tələbat qonşu ölkələrə nisbətən həmişə aşağı olub: “Azərbaycanda nə Gürcüstandakı, nə də Rusiyadakı kimi şəraba tələbat var. Son zamanlar tələbin bir az da aşağı düşməsinə sözsüz ki, pandemiya ilə əlaqədar biznes sektorunun fəaliyyətinin dayanması təsir edib. Pandemiya ərəfəsində restoranlar, şadlıq sarayları və digər iaşə obyektləri işləmədiyi üçün şərablar istehlakı azalıb. Bununla yanaşı əhalinin maddi vəziyyətinin zəifləməsi və gəlirlərinin azalması da bu qəbildən olan məhsullara tələbatı aşağı salıb”.

Ekspert deyir ki, Azərbaycandan şərab ixracı da azalıb: “Ölkədə daxili tələbatla yanaşı, ixrac potensialı da aşağı düşüb. Bütün bu məqamlar şərab məhsullarının anbarlarda yığılıb qalmasına səbəbdir”.

Akif Nəsirli hesab edir ki, Azərbaycanda şərab məhsullarına tələbatın normallaşması üçün xeyli zaman lazım olacaq: “Vəziyyətdən çıxış yolu kimi, yalnız ixrac potensialını artırmaq lazımdır. Müəyyən xarici bazarların axtarılması hesabına bu şərabları realizə etmək olar. Bunun üçün yenə də hökumət dəstəyi lazımdır.

Şəraba tələbat yüksək olan ölkələrdə Azərbaycan şərablarının sərgisini təşkil etmək olar. Eyni zamanda yerli şərabların reklamını Avropa ölkələrində, Rusiyada, Gürcüstanda yaymaq olar. Ümumiyyətlə, bazar axtarışının müəyyən yolları var. Şirkətlərin marketinq bölməsi də bazar axtarışını davam etdirməlidirlər.

Digər tərəfdən, hökumət də diplomatik kanallardan istifadə edərək, münasibətdə olduğu ölkələrlə bu məsələni razılaşdıra bilər”.


Müəllif: Yeganə Oqtayqızı