24 Sentyabr 2020 09:14
1 623
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadçı İqtisadçı-ekspert Rəşad Həsənov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Rəşad müəllim, hazırda Azərbaycanda iqtisadi vəziyyəti, o cümlədən manatın möhkəmlik dərəcəsini necə qiymətləndirisiniz?

- İqtisadi vəziyyəti qismən sabit qiymətləndirmək olar. Bir neçə ay bundan əvvəllə müqayisədə karantinlə əlaqəli qəbul edilən yumşalma qərarları müəyyən qədər aktivliyin bərpa olunmasına gətirib çıxarıb. Hiss olunur ki, ictimai iaşə fəaliyyəti sahəsində, eyni zamanda kənd təsərrüfatı məhsullarının bazarlara çıxarılması, dəyər zəncirinin müxtəlif halqalarında, tikinti sektorunda aktivlik var. Ümumilikdə götürəndə bu günə qədər iqtisadiyyatın zəif inkişafı səbəbindən Azərbaycan pandemiyadan qismən az zərər çəkmiş ölkə kimi xarakterizə oluna bilər. Əslində, bir şey yoxdursa, təbii ki, ona dəyən zərər də az olur.

Azərbaycanda iqtisadiyyat o qədər inkişaf etməyib, neft sektoru kimi sahələr üstünlük təşkil etdiyi üçün pandemiyanın ciddi təsirlərindən söhbət getmədi. Amma hər halda hökumətin açıqladığı statistikada göstərilir ki, resessiya (geriləmə) 10 faiz deyil.

Məsələyə devalvasiya aspektindən baxsaq, neftin qiyməti məqbul məcradadır deyə bilərik. Çünki Azərbaycanda manatın məzənnəsi əsasən neftin qiyməti və neft satışından daxil olan valyuta hesabına formalaşır. Burada təzyiq yaradan amillərdən biri OPEC+ formatı çərçivəsində Azərbaycanın hasilat və ixrac həcmlərinin azaltması ilə bağlı üzərinə götürdüyü öhdəliklərdir. Bu səbəbdən bazara nisbətən daha az valyuta daxil olması faktoru vardı.

Amma bizdə mexanizm fərqli formada işləyir. Bir hovuz var, yəni, vəsaitlər Neft Fonduna toplanır, oradan da dövlət büdcəsinə transfer olunur. Transfer prosesinin özü konvertasiya ilə müşahidə olunur. Yəni Fondun gəlirləri valyuta ilə, amma büdcə öhdəlikləri manatladır. Burada hansı gəlirin olmasından asılı olmayaraq Neft Fondu öhdəliklərini yerinə yetirəcək.

Məlum olduğu kimi, büdcəyə dəyişiklik olunan zaman Neft Fondunun büdcə qarşısında öhdəlikləri 850 milyon manat (500 milyon ABŞ dolları) həcmində artırıldı. Bu o deməkdir ki, ilin qalan hissəsində Neft Fondu büdcəyə nəzərdə tutulandan 500 milyon dollar əlavə vəsait dövriyyəyə daxil etməlidir.

Mart ayı pik dövr sayılırdı və həmin ərəfədə bazara 30 milyard dollar injektə edildi. Hökumət çalışdı ki, bununla valyuta bazarlarında tarazlığı təmin etsin. Bundan sonra bir azalma vardı. Orta hesabla bazarda aylıq büdcədə 455-500 milyon valyutaya tələb var. Neft Fondunun öhdəlikləri artdıqca hər ay bazara orta hesabla 520 milyon ABŞ dolları ilin ikinci yarısında vəsait təşviq etməlidir. Hökumətin indiki halda məzənnəni sabit saxlama resursları var.

Məlumdur ki, idxalda və ixracda əhəmiyyətli azalmalar gedir. Buna səbəb əhalinin alıcılıq gücünün zəifləməsi kimi amillərdir. Təbii ki, başqa səbəblər də var, amma nəzərə almaq lazımdır ki, pandemiyada gəlirlərin azalması fonunda əsasən alıcılıq gücü zəifləyir. Bu, idxalda qismən də olsa, hökumətə təzyiqləri neytrallaşdırmağa kömək göstərə bildi.

- Ölkədə tədiyyə balansında vəziyyət necədir?

- Tədiyyə balansında əsas yerlərdən birini turizm səfərləri tuturdu. İl ərzində təxminən 5-6 milyon vətəndaş müxtəlif səbəblərlə xaricə səfərlər edib valyuta aparırdı. Sərhədlərin bağlanması bu istiqamətdə yaranmış təzyiqləri müəyyən qədər neytrallaşdırır. Hesab edirəm ki, indiki şərtlər daxilində hökumət üçün valyuta bazarlarında yaranmış vəziyyəti idarə etməyə kifayət qədər imkanlar var. Hökumət ən azından 2020-ci il ərzində sosial təzyiqləri və təsirləri də qiymətləndirmək şərti ilə devalvasiyaya getmək haqqında hər hansı qərar qəbul etməyəcək.

- Bu gün Azərbaycanda, eləcə də ətraf ölkələrdə ciddi iqtisadi proseslər gedir. Türkiyə, İran, Gürcüstan və Rusiya valyutaları ucuzlaşır. Bu proseslərin ölkəmizə təsiri ola bilərmi?

- Bəli, bu proseslərin müxtəlif istiqamətlərdə bizə təsiri var. Azərbaycan manatının sabit qalması o deməkdir ki, həmin valyutalara nisbətən manatın mövqeyi güclənib. Bu isə xüsusilə də əsas ticarət tərəfdaşı olan ölkələrdə valyutanın dəyərsizləşməsi fonunda Azərbaycan iqtisadiyyatının rəqabəti aşağı düşür və idxal üçün daha əlverişli mühit yaranır. Bir tərəfdən deyirik ki, əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb, digər tərəfdən azalmış alıcılıq qabiliyyəti daxilində hansı mənbə hesabına istehlak ödəniləcək? "İstehlakçılar qarşısında yerli istehsal, yoxsa idxal olunan məhsulların hesabına" sualı dayanır.

Həmin ölkələrdə valyutaların dəyərsizləşməsi bu ölkələrdə istehsal olunan məhsulların Azərbaycanda istehsal olunan məhsullarla müqayisədə daha üstün mövqeyə gəlməsinə və daha rəqabətli olmasına gətirib çıxaracaq. Beləliklə də Azərbaycanda idxal üzərində müəyyən artım təhdidləri formalaşır.

İkinci səbəb ondan ibarətdir ki, bu, yerli istehsala neqativ təsir göstərir. Azərbaycanda 2015-ci ildə baş verən devalvasiyaların müəyyən sahələrə müsbət təsirləri oldu. Bunlardan biri ölkənin xidmət və turizm sektorunun cəlbediciliyinin əvvəlki ilə nisbətən artması idi. İkinci, yerli istehsal olunan məhsulların daxili və xarici bazarlarda rəqabət qabiliyyətinin müəyyən qədər güclənməsi idi. Bizdə yerli istehsal yoxdur, amma istənilən halda uzunmüddətli dövrdə bənzər imkanlar formalaşdırılması, təbii ki, strategiyaya neqativ təsir göstərəcək.

İndiki zamanda qonşu ölkələrdə sabit situasiya yaranıb. Bu ölkələr eyni zamanda əsas idxal və ixrac tərəfdaşlarımızdır. Bu da Azərbaycanda istehsal olunan məhsulların həmin ölkələrdə rəqabət qabiliyyətini zəiflədir. Təzyiqlərin yaranmasına baxmayaraq, indiki şəraitdə hökumət prosesin devalvasiya ilə nəticələnməsinin qarşısını alacaq.

- Maliyyə Nazirliyi 2021-ci il üçün manatın məzənnəsinin dəyişməyəcəyini, 1.70 olacağını proqnozlaşdırıb. Belə bir şəraitdə manatın məzənnəsinin sabit saxlanılması uğur hesab olunurmu?

- Buna çox da etibar etmək olmaz, bu, sadəcə proqnozdur. Formalaşmış normal iqtisadi mühit üçün sabit məzənnə rejimi arzuolunan deyil. Yəni sabit məzənnə rejimi varsa, deməli, ölkə olaraq xarici fruktasiyalara daha dayanıqlı bir vəziyyətə düşmüş olursan. Region ölkələrin iqtisadiyyatlarında baş verənlərlə uzlaşmanı təmin edə bilmirsən.

Həmçinin sənaye və digər iqtisadi sahələr ciddi şəkildə xarici dəyişiklilərdən, təsirlərdən asılı vəziyyətə düşür. Əslində, üzən məzənnə bu istiqamətdə yaranmış təzyiqləri neytrallaşdırmaqda ən optimal alətlərdən biri hesab olunur. Bu baxımdan üzən məzənnənin mövcudluğu Azərbaycan üçün arzuolunan deyil.

Qısamüddətli qiymətləndirmə aparsaq üzən məzənnə rejimi manatın məzənnəsində neft amilinin qabarıq şəkildə təzahür etməsinə, volonterliyin yüksək olmasına gətirib çıxara bilər. Burada psixoloji təzyiqlər və bazar oyunçularının maraqları məsələsi də vardır. Bazarda oyunçuların dayanıqlığı və iştirakçıların müəyyən maraqların olması səbəbindən bu istiqamətdə manipulyasiya imkanları da genişlənəcəkdir.

Belə olan təqdirdə həm vətəndaş, həm maliyyə-bank sektoru, həm də biznes çətinliklə üzləşəcək. Ona görə də indiki halda hökumət Azərbaycanda üzən məzənnə rejiminin tətbiq edilməsini riskli hesab edir.

- Aidiyyəti qurumlar başa düşürmü ki, məzənnənin uzun müddət sabit saxlanılması iqtisadi baxımdan düz deyil?

- Hökumət proseslərə çox qısamüddətli taktiki həll yolları ilə baxır. Buna görə də ölkədə daha çox sosial məsələlər nəzərə alınaraq qısamüddətli dövrdə bu yol seçilib. Orta və uzunmüddətli dövrdə nəyin baş verəcəyini zaman göstərər deyib belə davam edirik. Amma əgər biz iqtisadiyyatın liberallaşmasını, bazar iqtisadiyyatının təşəkkül tapmasını və sektorlar üzrə şaxələndirilmənin təmin edilməsini istəyiriksə, heç bir halda sabit məzənnə rejimi arzuolunan deyil. Sabit məzənnə diktə edilən məzənnə sayılır. Diktə məzənnə siyasəti arzuolunan deyil.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər