Azərbaycanda “Lombardlar haqqında” qanunun qəbul edilməsi gözlənilir. Layihə Milli Məclisin 30 sentyabrda keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.
İqtisadçı Elman Sadıqov Teleqraf.com-a bildirib ki, qanun layihəsi ilə tanışdır:
“Layihə lombardların fəaliyyətində müəyyən məsələlərin tənzimlənməsini həll edir. Burada əsas məsələ lombard kreditlərinin verilmə proseduralarının daha dəqiqləşdirilməsidir. Əgər bu, qanunda öz əksini taparsa, bütün lombardlar tərəfindən əhaliyə qısamüddətli kreditlərin eyni qaydalarla verilməsini tənzimləyəcək. Həmçinin əhalinin bu sahədə maliyyə savadlılığının artmasına imkan verəcək. Çünki hər kəs lombardın krediti hansı proseduralarla verməli olduğunu anlayacaq.
Nəticə etibarilə bu da gələcəkdə lombardların sui-istifadə halları ehtimalını aşağı salacaq. Burada girovların hansı qayda ilə qeydiyyata alınması, girovla bağlı sənədin müştəriyə təqdim olunması, girovun ölçülməsi, yoxlanılması və sair məqamlar var. Hər bir halda bu, vətəndaşın xeyrinədir. Qanun lombardların fəaliyyətini tənzimləyəcək. Amma söhbət lombard fəaliyyətinin administrativ metodlarla tənzimlənməsindən və ya onların fəaliyyətinə müdaxilədən getmir”.
Ekspert qeyd edib ki, lombard dünyanın əksər ölkələrində mövcuddur: “Yəni bank kreditlərindən əlavə, əhalinin qısa müddətli və təcili vəsaitlərə ehtiyacı olur. Bu zaman vətəndaş qızıl-zinət əşyalarını və ya hansısa bir əmlakını lombardda girov qoymaqla vəsait əldə edir. Daha sonra həmin vəsaiti qaytarmaqla lombarddan girovunu götürür. Bu fəaliyyətin qadağan olunması və ya bu fəaliyyətə kəskin müdaxilələr nəticə etibarilə sələmçiliyin və digər mənfi tendensiyaların yaranmasına səbəb olur. Dünya təcrübəsində belə bir məqam var, hansı ölkədə lombard kreditləri sıxışdırılırsa və yaxud istehlak kreditləri kəskin şəkildə azalırsa, həmin ölkələrdə borcla bağlı “qara bazar”lar yaranır və əhali bu bazara meyl edir. Burada da faizlər həddən artıq çox yüksək olduğu üçün vətəndaşlar ciddi şəkildə əziyyət çəkirlər.
Bütün bu amilləri nəzərə alaraq həmin qanun layihəsi lombard fəaliyyətini daha yaxşı tənzimləməli, əhalinin maliyyə savadlılığının artırılmasına xidmət etməlidir. Yəni əhali lombardla bağlı problemini hansı şəkildə həll etməyi və kimə müraciət etməli olduğunu bilməlidir”.
Elman Sadıqov deyir ki, əgər qanun layihəsi lombardların fəaliyyəti administirativ metodlarla tənzimləyərsə, bu, lombardların fəaliyyətinə çətinlik yaradar və faiz artımına səbəb olar: “Yaxşı olardı ki, qanun layihəsi qəbul olunduqdan sonra lombardlarda faizləri tənzimləyən yeganə qüvvə bazar qanunları olsun. Lombardların fəaliyyətinə müdaxilə etməklə tənzimləmək arasında böyük fərq var.
Arzuolunandır ki, lombardların bundan sonrakı fəaliyyətində faizləri, iş mexanizmini müəyyənləşdirən əsas qüvvə bazar qanunları olsun. Əgər həmin mexanizmlərdən səmərəli şəkildə istifadə edə bilsək, bu, bizə fayda gətirər”.
Analitik hesab edir ki, lombardlara nəzarətin artması iki cür nəticələnə bilər: “Birinci, lombardların fəaliyyətləri müəyyən çərçivədə məhdudlaşdırıla bilər. İkinci, qanun sayəsində əhalinin maariflənməsi artar ki, bu da lombardların fəaliyyətinin daha da şəffaflaşmasına və sivil proseduraların tətbiqinə səbəb ola bilər. Hansının olacağı ilə bağlı ilkin fikir söyləmək çətindir. Yalnız şəffaflaşma nəticəsində lombardlar bazarda müsbət imic əldə edə bilərlər. Bu, lombardların fəaliyyətini tənzimləyən qurumun işindən də asılı olacaq. Böyük ehtimalla lombardların fəaliyyətinin tənzimlənməsi Mərkəzə Banka tapşırılacaq”.