“İqtisadi cəhətdən Ermənistan Azərbaycandan həddindən artıq geridədir. Bu gün Azərbaycan əhali sayına görə Ermənistandan 4 dəfə, ərazi baxımından 3 dəfə, iqtisadi cəhətdən 6 dəfə, strateji valyuta ehtiyatlarına görə isə 25 dəfə irəlidədir”.
Bunu Teleqraf.com-a iqtisadçı-ekspert Vüsalə Əhmədova deyib.
O bildirib ki, Ermənistan demək olar ki, tamamilə blokada şəraitindədir:
“Neft və qaz kimi enerji daşıyıcılarına malik olmayan Ermənistanın ümumi daxili məhsuluna (ÜDM) gəlincə, hər şey ilk baxışdan göründüyü kimi sadə deyil. Məlum olduğu kimi, 2019-cu ildə Azərbaycan və Ermənistanda adambaşına düşən ÜDM səviyyəsi təxminən eyni idi. Ancaq burada başqa faktorlar dövriyyəyə girir. İki respublika əhalisinin sayındakı fərqi nəzərə alsaq, məsələn, əgər Ermənistan əhalisinin sayı 3 milyondan az isə, Azərbaycan əhalisinin sayı 10 milyondan çoxdur. O cümlədən, 2019-cu ildə Ermənistanın ÜDM-u 13.444 milyard dollar təşkil edirdisə, Azərbaycanın ÜDM-u 47.171 milyard dollar idi. Bundan əlavə, Azərbaycan ölkənin müdafiəsinə ildə 2.267 milyard dollar vəsait xərcləyir, Ermənistan isə 658 milyon dollar. Yəni, bu kimi faktorları hesaba qatsaq, adambaşına düşən ÜDM-da bərabərliyin nədən yarandığını anlamış olarıq. Azərbaycanın ilin əvvəlində təxminən 50 milyard dollar valyuta ehtiyatı var idi ki, bunun da 44 milyardı neft fonduna, 6 milyardı isə Mərkəzi Bankın valyuta ehtiyatlarına daxil idi. Ermənistana gəlincə, ölkənin müəyyən qədər valyuta ehtiyatları var, lakin Azərbaycanınkı qədər böyük deyil”.
Analitik bildirir ki, sadalanan səbəblərdən Ermənistan iqtisadi böhranlara qarşı daha həssasdır:
“COVID-19 pandemiyası dövründə hər iki ölkə iqtisadiyyatı koronavirus böhranından ciddi şəkildə təsir gördü. Ancaq bu böhran Ermənistanı Azərbaycandan daha çox sarsıtdı. Koronavirusla mübarizənin yaratdığı mövcud iqtisadi böhranın şiddətini nəzərə alsaq, Azərbaycanın ən azı 5 il dayanacaq qədər valyuta ehtiyatı var. Hər iki ölkədə hazırda karantin tədbirləri uzadılıb, Pandemiya ilə əlaqədar olaraq Ermənistan iqtisadiyyatı turizmdən əldə etdiyi gəlirini demək olar ki, tamamilə itirdi və aşağı qiymətlər səbəbindən dağ-mədən ixracatında və o cümlədən, xaricdən pul köçürmələrində də azalma baş verdi.
İqtisadi tənəzzülün qarşısını almaq, xüsusilə də büdcə kəsirini bağlamaq üçün Ermənistan Beynəlxalq Valyuta Fondundan “Stand-By” krediti almaq məcburiyyətində qaldı. Bu kredit xətti Ermənistanın Beynəlxalq Valyuta Fondundakı 128 milyonluq SDR kvotasının 100%-dir. Bu o deməkdir ki, Ermənistan fonddan ala biləcəyi maksimum borc məbləğini götürüb. Bu il COVID-19 pandemiyasının yayılma dərəcəsinin ən yüksək olduğu ölkələr arasında olan Ermənistanın maliyyə kəsiri ÜDM-un 5%-ni, borc yükü isə ÜDM-un 64,1%-ni təşkil edəcəyi hesablanıb”.
Hərbi-siyasi böhrandan danışan Vüsalə Əhmədova burada vəziyyətin daha da fərqli olduğunu deyib:
“Bir tərəfdən ölkəmizin qonşuları ilə münasibətlərinin normal inkişaf etdiyini və yalnız Ermənistanla probleminin olduğunu nəzərə alsaq, o zaman Azərbaycan hələ bir müddət gərgin müharibə apara biləcək gücdədir. Məsələn, Azərbaycanın həm iqtisadi, həm də hərbi cəhətdən zəif olduğu 90-cı illərdə müharibə iki il davam etmişdi. Ancaq hazırkı Azərbaycan iqtisadiyyatı 90-cı illərdəkindən daha güclüdür. Təbii ki, müharibənin illərlə davam etməsini kimsə istəməz, ancaq bəzi hallarda bu qaçılmazdır.
Müharibənin maliyyələşdirilməsinə gəlincə, bunun üçün Azərbaycan daha çox imkanlara malikdir. Azərbaycan Avropanın enerji, nəqliyyat və logistika təhlükəsizliyində mühüm rol oynayır. Ermənistana isə xarici sərmayə girişi zəifdir, çünki ölkənin dörd sərhəddindən ikisi təcavüz siyasəti nəticəsində bağlıdır və digər ikisinin isə imkanları məhduddur”.
İqtisadçı onu da vurğulayıb ki, hazırda Ermənistan büdcə xərclərini maliyyələşdirmək üçün xarici kreditlərin ümidinə qalıb:
“Ermənistanda iqtisadi artımın əsas hərəkətverici qüvvəsi istehlakdır. İstehlak isə xaricdən pul köçürmələri və ev təsərrüfatlarına verilən kreditlər hesabına dəstəklənir. Məsələn, yalnız ötən il Ermənistanda ev təsərrüfatlarına verilən kreditlərin həcmi 32% artıb.
Ermənistanda yaşayış və iş imkanları məhdut olduğundan xaricə mühacirət edənlərin sayı durmadan artır. Elə götürək İstanbulu, şəhərdəki gözəllik salonlarının əksəriyyətində İrəvandan gəlmiş ustalar çalışır. Rəsmi rəqəmlərə nəzər salsaq, Ermənistan xaricə köç edənlərin sayına görə MDB ölkələri arasında ilk sıralardadır. Ermənistanda ölkəyə valyuta gətirən sektorlardan ilki dağ-mədən sənayesidir ki, xammal şəklində məhsulların ixracından Ermənistan ildə cəmi 1 milyard dollar gəlir götürür. Bu sahə üzrə ölkədə yüksək inhisarın mövcud olduğu hər kəsə məlumdur. Ölkəyə valyuta gətirən digər sektor isə kənd təsərrüfatı ixracatıdır ki, kənd təsərrüfatı məhsulları da Rusiya bazarından asılı vəziyətdədir”.
Vüsalə Əhmədova deyir ki, Dağlıq Qarabağ zəngin yeraltı və yerüstü təbii sərvətlərinə, coğrafi mövqeyinin əlverişliliyinə görə Azərbaycan iqtisadiyyatının hər zaman lokomotivi rolunu oynayıb:
“Hazırda isə bölgə demək olar ki, iqtisadiyyatdan kənardır. Nə olsun ki, bölgədə bəzi yeni yaşayış məntəqələri salınıb, yollar çəkilib. Bölgənin iqtisadiyyata hər hansı bir qatqısı yoxdur, yalnız ərazidəki təbii sərvətlər işğalçılar tərəfindən istismar edilir. Ermənistan büdcəsinin 51%-ni Kəlbəcər və Zəngilandakı yataqlardan çıxarılan qızılın satışından əldə edilən gəlir təşkil edir. Bilirik ki, bölgə dəmir filizi, qızıl, civə, xrom kimi metallarla da zəngindir.
Hələ sovet ittifaqı zamanı bölgənin iqtisadiyyatı əsasən üzümçülük, ipəkçilik və heyvandarlıq olmaqla daha çox kənd təsərrüfatı sektoruna əsaslanırdı, o cümlədən, elektronika, maşınqayırma, toxuculuq, ağac emalı və mebel istehsalı kimi sənayə sahələri də mövcud idi. Sovet ittifaqında toplam istehsal edilən elektrotexniki avadanlıqların 5,7%-i Qarabağda istehsal olunurdu. Ümumi ifadə etsək, Azərbaycanda istehsal edilən taxılın 14,3%-i, üzümün 31,5%-i, ətin 14,5%-i, südün 17,1%-i, yunun 19,3%-i, inşaat materiallarının 11%-i, ayaqqabı istehsalının 11%-i, kərə yağının 25%-i, şərabın 35%-i, xam ipəyin 13,5%-i, mineral suların 15%-i işğal altında olan ərazilərdə istehsal edilməkdəydi. Ancaq bölgənin işğal altında olması təbii ehtiyatları davamlı inkişafdan kənarlaşdırdı".
İqtisadçının sözlərinə görə, bu işğaldan birmənalı olaraq daha çox Ermənistan iqtisadiyyatı itirib:
“Ölkə coğrafi baxımdan tam qapalı şəraitdədir, dənizlərə çıxışı yoxdur, önəmli ticari mərkəzlərlə bağlantısı da zəifdir. Ölkə təbii sərvətlər baxımından da özünü təmin edə biləcək potensiala malik deyil. Enerji baxımından Rusiyadan asılı vəziyyətdədir. Məlumdur ki, özəlləşdirmə proqramları çərçivəsində Ermənistanın enerji mərkəzlərinin 80%-i Rusya şirkətlərinin əlinə keçib. Türkiyə və Azərbaycanın embarqosu nəticəsində Ermənistan iqtisadiyyatına ildə təqribən 570-720 milyon dollar zərər dəyir. Məsələn, sərhəd qapıları açılarsa, Ermənistanın nəqliyyat xərcləri 30-50% azala, ixracatı 2 dəfə, Ümumi Milli Məhsulu isə 30-38% arta bilər. Yenə Dünya Bankının hesablamalarına görə sərhədlərin açılması nəticəsində Ermənistan nəqliyyat xərclərinə ildə 6.4-8.4 milyon dollar, enerjiyə 45 milyon dollar qənaət edə bilər, o cümlədən, ixracatında 268.9-342.4 milyon dollar artım yaşana bilər”.